19388 gənc Təhsil Tələbə Krediti Fondunun xidmətindən yararlanıb
Ölkəmizdə yeniyetmə və gənclərin təhsil almasına, bir mütəxəssis və layiqli vətəndaş kimi formalaşmasına dəstək məqsədilə bir sıra sosialyönümlü layihələr həyata keçirilir. Bu istiqamətdə son illər atılan ən mühüm addımlardan biri Təhsil Tələbə Krediti Fondunun yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli müvafiq fərmanına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılmışdır. Fondun yaradılmasında əsas məqsəd təhsilə əlçatanlığı təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaqdan ibarətdir.
Qeyd edək ki, Təhsil Tələbə Kreditinin (TTK) sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə bilər. Onu da bildirək ki, Təhsil Tələbə Krediti üzrə müraciətlərin edilməsi, qeydiyyatı, tələbənin statusunun və hüququnun müəyyən edilməsi və digər əməliyyatlar bu məqsədlə yaradılan elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
Qısa müddət ərzində 19388 nəfər tələbə kredit alıb. Statistikaya nəzər saldıqda görərik ki, Təhsil Tələbə Krediti Fonduna yarandığı gündən 12 iyun 2023 tarixinə qədər ümumilikdə 26109 müraciət daxil olub. Bu müraciətlərdən 19388-i müsbət cavab alıb və kreditlər rəsmiləşib.
Cari ilin statistikasına gəldikdə isə təkcə 2002-2023-cü tədris ilində Təhsil Tələbə Krediti üçün 15513 tələbənin müraciəti qeydə alınmış, onlardan 12574 tələbənin krediti üçün müraciəti rəsmiləşdirilmiş və təhsil haqları müvafiq olaraq təhsil müəssisələrinə köçürülmüşdür. Onu da qeyd edək ki, cari ildə müraciət edənlərdən 4588 tələbə sosial, 7986 tələbə isə standart təhsil tələbə kreditindən yararlanmışdır. Təhsilalanların təhsil səviyyələri üzrə təsnifatına gəldikdə isə cari ildə müraciətləri rəsmiləşmiş 12574 tələbədən bakalavr səviyyəsi üzrə - 8857 tələbə, magistratura səviyyəsi üzrə - 3170 tələbə, orta ixtisas səviyyəsi üzrə isə - 547 tələbə kreditdən yararlanmışdır. Gender bərabərliyi bölgüsünə gəldikdə isə kreditin imkanlarından 5226 kişi, 7348 qadın tələbə istifadə edib.
Fürsətdən istifadə edib Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan yararlanan tələbələr və onların valideynləri ilə söhbət edib fikirlərini öyrəndik.
“Fonda müraciət edərək bu fürsətdən faydalandım”
Qərbi Kaspi Universitetinin III kurs tələbəsi Hüseyn Zeynallı Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan maksimum dərəcədə istifadə etdiyini deyib: “Oxuduğum universitet illəri ərzində bir çox aktiv tələbələrdən olmuşam. Özüm də fondda könüllü olaraq işləmişəm. Könüllü fəaliyyətim bitdikdən sonra da inkişafımıza dəstək olan fond bizim üçün ödənişsiz ingilis dili kursları təşkil etdi. Fondun mənə ən böyük dəstəyi isə təhsil haqqımın ödənilməsi ilə bağlı ayrılan kredit oldu. Bu ilin qış smestrində ödənişi etmədiyim üçün imtahanlara buraxılmırdım. Fonda müraciət edərək bu fürsətdən faydalandım və ən yüksək imtahan nəticələrinə nail oldum. Belə bir fəaliyyəti olan qurum yaratdığına görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm.
“Rahat təhsil almağımı təmin etdim”
Bakı Dövlət Universitetinin III kurs tələbəsi Ayxan İsgəndərov 588 balla ali təhsil ocağına daxil olduğunu deyir. O, hazırda həmin fakültənin SABAH qruplarında təhsil aldığını bildirir: “Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanan gənclərdən biri də mənəm. Qeyd edilən kreditin sosial növündən yararlanmışam. Krediti 2%-lik şərtlərlə götürmüşəm. Bu krediti götürməklə rahat təhsil almağımı təmin etdim. Dövlətimizin biz gənclərə yaratdığı hər cür şərait məni cox sevindirir. Bu fondun yaradılması gənclərin təhsil imkanlarının artırılması istiqamətində atılan ən mühüm addımlardandır”.
“Təhsil Tələbə Krediti olmasaydı, bəlkə də mən magistraturaya daxil olmazdım”
Odlar Yurdu Universitetinin Magistratura pilləsi üzrə 1-ci kurs tələbəsi Pünhan Heydərov biznesin idarə edilməsi ixtisası üzrə təhsil alır. O, bakalavr pilləsi üzrə təhsil alarkən Təhsil Tələbə Krediti Fondundan dəstək aldığı üçün magistratura üzrə təhsilini davam etdirdiyini deyir: “Təhsil Tələbə Krediti olmasaydı, bəlkə də mən magistraturaya daxil olmazdım. Əksər tələbələrin yararlandığı təhsil tələbə krediti onların tələbəlik illərini doya-doya yaşamağa dəstək olur”.
“Kreditin verilməsi bizim üçün böyük bir şans oldu”
Qərbi Kaspi Universitetinin I kurs tələbəsi Sadıq Rəcəblinin valideyni Səbinə Qasımova da Təhsil Tələbə Krediti Fondundan razı qaldığını, bu fondun yaratdığı imkanlar sayəsində övladının təhsil aldığını söyləyir: “2022-ci ilin sentyabr ayında biz qaydalara uyğun olaraq fonda müraciət etdik. Bizə fonddan müsbət cavab verdilər. Kreditin verilməsi bizim üçün böyük bir şans oldu. Əgər bu kredit olmasaydı, mən düşünürəm ki, övladım heç cür həmin universitetdə təhsil ala bilməyəcəkdi. Maddi durumumuz buna imkan vermirdi. Belə bir şəraitin yaradılmasına görə zəhməti keçənlərə xüsusi təşəkkürümü bildirirəm”.
Niyazi RƏHİMOV