Ən müasir ixtisaslar sırasında yer alan Mexatronika və robototexnika ixtisasına artıq Bakı Mühəndislik Universitetində (BMU) yiyələnmək mümkündür. Universitetdən bildirilib ki, qəbul planına yeni daxil edilən sözügedən ixtisasın tədrisinə mühəndislik fakültəsində 2023/2024-cü tədris ilindən başlanılacaq.

 

Mexatronika və robototexnika ənənəvi mexanika, elektronika, elektrotexnika, kompüter mühəndisliyi, proqramlaşdırma və informasiya texnologiyalarını özündə birləşdirən istehsal, istismar və xidmət sahələrində əl əməyinin, mexaniki işlərin avtomatlaşdırılmasını, məntiqlə idarə olunmasını təmin edən mexatron və robototexniki sistemlərin dizayn, istehsal və istismarını öyrənir.

 

Bu ixtisas əsasən mexanika, elektronika, kompüter elmləri və idarəetmə sistemlərinin qovuşmasından təşkil olunub.

 

İxtisası seçənlər fundamental, ən müasir, böyük tələbat duyulan texniki bilik və bacarıqlar əldə edəcəklər. Bura mexatron sistemlərin kinematikası və dinamikası, idarəetmə sistemləri, informasiya ölçmə qurğuları, texniki görmə sistemləri, proqramlaşdırma dilləri sahəsində lazımi biliklər, müasir informasiya texnologiyaları və proqram təminatı, elmi-texniki nailiyyət və təcrübələrdən istifadə edərək avtomatik və mexatron sistemləri layihələndirmək, eləcə də sensor, kontroller, aktuator sistemlərin tənzimlənmə və idarə edilməsində istifadə olunan digər qurğuların iş prinsipləri, konstruktiv xüsusiyyətlərini bilmək daxildir. Həmçinin, bu ixtisasa üstünlük verənlər avtomatik və mexatron sistemlərin diaqnostikasını həyata keçirmək, robot-manipulyatorların, robototexniki və mexatron sistemlərin texnoloji, struktur, funksional və prinsipial sxemlərinin təhlilini aparmaq, iş prinsipini bilmək, bərpası və yenidən sazlanmasını təşkil etmək, çevik avtomatlaşdırılmış istehsal, robotlaşdırılmış kompleks sahələrində və avtomatik axın xətlərində sənaye robotlarını tətbiq etmək, elektron sistemlərin simulyasiyası, sadə sistemlərin prototiplərinin hazırlanması kimi bacarıqlar da qazanacaqlar.

 

Bunlarla yanaşı, ixtisası bitirənlər nano, mikro və makrotexniki ölçü səviyyələrində material-məmulatların xassələrini başa düşmək, onlar üzərində çevirmə, optimallaşdırma üsullarını tətbiq etmək, robot və robototexniki sistemlərin fəaliyyət alqoritmlarini və inkişafını, neyron-şəbəkələri, süni neyronlar, qeyri-xətti çeviricinin əhəmiyyətini bilmək və qeyri-səlis neyron şəbəkələrdən istifadə etmək bacarığına da malik olacaqlar.