Sabah 12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi işə başlayır


“Uşaqların gələcəyinə sərmayə”.  Bu deviz altında oktyabrın 11-13 tarixlərində  Bakı Ekspo Mərkəzində təşkil ediləcək 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin ("Education 2018") açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirin təşkilatçısı qismində çıxış edən “Caspian Event Organisers” (“CEO”) şirkətinin nümayəndəsi cənab Edvard Stron qeyd edib ki, hər il keçirilən təhsil sərgisi aparıcı universitetləri, eləcə də orta təhsil, ilk peşə-ixtisas təhsil  müəssisələrini, ixtisaslaşma mərkəzlərini bir araya gətirir.

 

Dünyanın 12 ölkəsindən 135 iştirakçı 

 

Bu il sərgiyə dünyanın 12 ölkəsindən 135 iştirakçının qatılacağını deyən C.Stron onlardan  60 faizdən çoxunun yerli təhsil müəssisələri olduğunu bildirib. O, "Education 2018" sərgisində bir sıra xarici ölkələrin- Çexiya, Gürcüstan, Latviya, Litva, Rusiya, Türkiyə və digər ölkələrin ali məktəblərinin təmsil olunacağını diqqətə çatdırıb. 

 

E.Stron sərginin keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, tədbirin işində ilk dəfə iştirak edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə minnətdarlıq edib.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorun müdiri Cəsarət Valehov  sərginin açılışı münasibətilə qonaqlar,  media nümayəndələrini təbrik edərək,  ənənəvi olaraq ölkəmizdə keçirilən təhsil sərgisini günün ən əlamətdar hadisələrindən biri kimi dəyərləndirib: "Çünki bu sərgi öz miqyasına görə, məzmun zənginliyi ilə seçilən bir platformadır. Biz 10 ildən artıq müddətdir ki,  Azərbaycanda müxtəlif  ali təhsil müəssisələrinin, eləcə də beynəlxalq təhsil şəbəkəsinə aid olan təhsil müəssisələrinin bu sərgidə geniş təqdimatlarla iştirakını görürük. Biz son illər ərzində təhsil sərgisində çox zəngin stendləri, çox geniş pavilyonları, çox maraqlı təqdimatları görməyə artıq adət etmişik".  C.Valehov əmin olduğunu  bildiib ki, sabah öz işinə başlayacaq sərgi də bu kontekstdə olacaq.  Təhsilin həm məzmun olaraq, həm də texnologiyalarla çulğalaşması baxımından çox sürətli dəyişikikliyə uğradığını deyən TN rəsmisi əlavə edib ki, təhsildə baş verən bu yenilikləri təhsil sərgisində də görə bilirik.  "Təhsil Nazirliyi bu sərgidə geniş bir pavilyonda iştirak edəcək.  Bizim son illərdə keçirdiyimiz ayrı- ayrı layihələrlə bağlı geniş təqdimatlar nümayiş olunacaq.  İştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”,Uşaq-Gənclər İnkişaf Mərkəzi”, SABAH qrupları“İçərişəhər ənənəvi incəsənət mərkəzi, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV və digər stendlər təqdim ediləcək.

Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar və  ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

 

Təhsilimizin ana xəttini təşkil edən dəyişikliklər sərgidə

 

"Bütün bunlar təhsilimizin ana xəttini təşkil edən dəyişiklikləri qiymətləndirməyə əsas verəcək" – deyən C.Valehov qeyd edib ki, builki sərgidə müşahidə edəcəyimiz yeniliklərdən biri də media kontekstində Real TV-lə əməkdaşlıq  çərçivəsində sərgidən birbaşa canlı yayımlar, sərginin açılış mərasiminin təqdim olunmasıdır. Eləcə sərgi günlərində Təhsil TV stendində canlı yayımlar təşkil olunacaq. Təqdim olunan videoməhsullar bizim tamaşaçılara sərgi barədə dolgun məlumatlar almağa imkan verəcək.

 

Konfransda qeyd olunub ki, sərgidə həm Bakıda, həm də regionlarda yerləşən Azərbaycan universitetlərinin iştirakı ardıcıllıqla təmin olunub. Bu o deməkdir ki,  universitetlər son illər təhsildə əldə etdikləri uğurları bu sərginin ayrı-ayrı pavilyonlarında təqdim edə biləcəklər. Bu isə ziyarətçilərin marağına səbəb olacaq.

 

Daha sonra çıxış edən  “Caspian Event Organisers” (“CEO”) şirkətinin icraçı direktoru  Bəhruz Hidayətzadə, “Kapital bank”ın marketinq departamentinin direktoru Günel Fərzəliyeva sərginin uğurlu təhsil layihəsi kimi son illərin ən əlamətdar tədbirlərindən olduğunu diqqətə çatdırıblar.

 

Oruc MUSTAFAYEV