"Təhsil mexaniki deyil, ciddi psixoloji inkişaf prosesidir. Valideynlərarası münasibətlər, valideynlərin elmə, kitab oxumağa marağı uşaqların inkişafında mühüm rol oynayır. Biz müəllimlərin peşəkar keyfiyyətini artırmaqla əmək bazarına daxil olan insanların peşə səriştələrini də artıra bilərik". 

 

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev iyunun 21-də keçirilən “İnsan resursları zirvəsi 2023” tədbirinin açılış mərasimində çıxışı zamanı deyib. 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbir “Gələcəyə qayıdış” devizi altında təşkil edilib. 
 

Tədbirin məqsədi insan kapitalına əsaslanan gələcəyə hazırlıqlı cəmiyyətin formalaşmasına zəmin yaratmaq, bu istiqamətdə peşəkarlarla müzakirələr aparmaqdır. 
 

Tədbirdə bir sıra dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, xarici ekspertlər, insan resursları üzrə mütəxəssislər, millət vəkilləri, dövlət, həmçinin özəl sektor nümayəndələri və digər qonaqlar iştirak ediblər. 

 

Qeyd edək ki, iki gün davam edəcək tədbir çərçivəsində çıxışlar, panel müzakirə və təlimlər təşkil olunacaq.