Tatarıstanın Yazıçılar İttifaqının  keçmiş sədri Əməkdar incəsənət xadimi, jurnalist Danil Salihov və “Tatarıstan” İB sədr müavini, “Salam Tatarıstan” beynəlxalq mərkəzinin rəhbəri ictimai xadim Emin Ramazanov AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

 

MEK-in baş direktoru professor Məmməd Əliyev qonaqlara kitabxananın tarixi, fəaliyyəti və beynəlxalq əlaqələrindən bəhs edib. Qeyd olunub ki, 100 illik tarixi olan MEK oxucularına həm ənənəvi, həm də elektron xidmət göstərir, bundan başqa, kitabxananın zəngin fondları dünya dillərinin çoxunda, o cümlədən tatar dilində nəşrləri özündə cəmləşdirir.

 

Daha sonra qonaqlar kitabxana ilə yaxından tanış olublar. Öncə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fonduna baxış keçirilib. Baş direktor buradakı guşələr haqqında ətraflı məlumat verib, toplanan dəyərli nəşrlərdən bəhs edib. Professor M.Əliyev qeyd edib ki, fond istər I Qarabağ, Aprel və Tovuz döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsinin hər bir şəhidi, qazisi, iştirakçısı haqqında məlumat toplayaraq gələcək nəsillərə ötürülməsi istiqamətində işlər görür. Yaradıldığı gündən etibarən fondu çoxlu sayda şəhid ailə üzvlərinin ziyarət etdiyini söyləyən baş direktor qonaqlara “Xocalı şəhidləri 613” kitabını hədiyyə edib.

 

Yazıçı Danil Salihov öz növbəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsindən təsirləndiyini və qardaş millətə daim dəstək olduqlarını qeyd edib. D.Salihov müəllifi olduğu nəşrləri MEK-ə hədiyyə edib.

 

Sonda MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü xarici ziyarətçilərə kitabxananın Diplomatik fondunda toplanan nəşlər haqqında ətraflı məlumat verib.