Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xəzər arxeologiyası şöbəsinin yaradılması haqqında məsələ müzakirə olunub.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanda sualtı arxeoloji tədqiqatların sonuncu dəfə 1968-1986-cı illərdə həyata keçirildiyini, 20 ilə yaxın müddət ərzində Xəzər sahillərində və adalarda 4000-dən artıq maddi-mədəniyyət qalığının aşkarlandığını deyib. Bildirib ki, bu gün Xəzər dənizində suyun səviyyəsinin enməsi dənizdə və sahilboyu ərazilərdə sualtı arxeoloji istiqamətdə tədqiqatların aparılması üçün yenidən əlverişli şərait yaradıb. AMEA rəhbəri ölkə başçısının Xəzər hövzəsi ilə əlaqədar çağırışlarını və mövcud reallığı nəzərə alaraq, dənizdə və sahilboyu ərazilərdə arxeoloji qazıntı işlərinin aparılmasının Azərbaycan tarixinin və qədim mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu nəzərə çatdırıb.
Rəyasət Heyəti tərəfindən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daxili imkanlar əsasında Xəzərin arxeologiyası şöbəsinin yaradılması qərara alınıb.