Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) sonuncu kurs tələbəsi Ayan Nəbiyevanın həmmüəllifi olduğu “Analysis of the impulsive buyer behavior: empirical evidences from Azerbaijan” (İmpulsiv alıcı davranışının təhlili: Azərbaycanda aparılan empirik tədqiqat) mövzusunda elmi tədqiqat işi nüfuzlu “Emerald” nəşriyyatının “Marketinq” (Journal of Marketing) jurnalında dərc edilibJurnal Scopus bazasında indekslənir və 2022-ci il üçün CiteScore göstəricisi 6.3-dür.

 

Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müəllimi Emiliya Əhmədovanın mentorluğu və həmmüəllifliyi ilə yazılan məqalədə müştərilərin impulsiv davranışlarına təsir edən müxtəlif faktorlar təhlil edilib. Həmçinin impulsiv alış meylliliyinin yaşdan, təhsil və gəlir səviyyəsindən asılı olaraq dəyişdiyi göstərilib. Tədqiqatın nəticələrinə əsasən, hedonik motivasiya, özünüidarə, özünədəyər, rifah dərəcəsi impulsiv alış davranışına təsir göstərən amllər kimi müəyyən olunub.

 

Qeyd edək ki, Ayan Nəbiyeva bakalavr təhsilini yüksək göstəricilərlə bitirməklə yanaşı, dünyanın bir çox universitetlərindən (Technical University of Munich (DAAD təqaüdü), University of Amsterdam, Maastricht University, Boston University, Corc Vaşinqton Universiteti, Copenhagen Business School və s.) magistratura təhsili üçün təqaüdlü qəbul alıb.