Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 3-4 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

 

İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər. 

 

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 34440 abituriyentdən (I qrup üzrə 28864 nəfər, IV qrup üzrə 5576 nəfər) 1687 nəfəri (I qrup üzrə 1458 nəfər, IV qrup üzrə 229 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) 2 nəfər – Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin və Bakı şəhər 299 saylı orta məktəbin məzunları göstəriblər. I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə (692.8 bal) isə Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzununa məxsusdur. O, imtahanın I mərhələsində 295.8, II mərhələsində isə 397 bal toplayıb.

 

Bu imtahanda IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni (686 bal) isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 295.8, ikinci mərhələsində 390.2 bal toplayıb.

 

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.