Rüfət Əzizov: “Təlimlər sertifikatlaşdırma nəticəsində müəyyən olunmuş təlim ehtiyaclarına uyğun olaraq müəllimlərin tədris bacarıqlarının təkmilləşdirilməsinə xidmət edir”
Ötən il sertifikasiya imtahanında iştirak edən 2803 nəfər uğursuz nəticə göstərib. Bu il həmin müəllimlər yenidən imtahan verəcək. Avqust ayına planlaşdırılan imtahanda uğur qazanmasalar, onlarla əmək müqaviləsinə xitam veriləcək. Bu imtahanları “müəllimlər üçün ikinci şans” adlandıran elm və təhsil naziri Emin Əmrullayev onların bu şansdan maksimum yararlanacağına ümid etdiyini bildirib: “Həmin müəllimlər üçün 57 təlim mərkəzində təlimlər təşkil edilir. Mart ayından start verilən təlimlərlə müəllimlərimizə kömək etməyə çalışırıq”.
“200 müəllim də bizə müraciət edərək təlim istədi”
“Azərbaycan müəllimi” araşdırıb ki, bu kömək nədən ibarətdir və müəllimlər onu necə dəyərləndirirlər?
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Azərbaycan müəllimi”nə açıqlamasında deyib ki, Təhsil İnstitutunun təşkil etdiyi və 3 ay davam edən təlimlərdə 2180 nəfər iştirak edib: “505 müəllim ərizə yazaraq təlimlərdən imtina etmişdi. Amma sonradan təxminən 200 müəllim də bizə müraciət edərək təlim istədi və onlara da təlim keçdik. 32 müəllim isə ya işdən çıxıb, ya vəfat etməsi səbəbindən təlimlərdən kənarda qalıb”.
Təlimlər ibtidai sinif üzrə Azərbaycan dili və riyaziyyat fənləri üzrə olub və ixtisasartırma təlimi formasında keçilib: “2023-cu ildə təkrar sertifikasiya imtahanında iştirak edəcək ibtidai sinif müəllimlərinə dəstək məqsədilə “İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu” adlı 48 saatlıq ixtisasartırma təlimləri həyata keçirilir. Bu təlimlər sertifikatlaşdırma nəticəsində müəyyən olunmuş təlim ehtiyaclarına uyğun olaraq müəllimlərin tədris bacarıqlarının təkmilləşdirilməsinə xidmət edir”.
Sertifikasiyada uğur qazananlar da təlimlərdə iştirak edir
R.Əzizovun sözlərinə görə, mart ayından etibarən başlanan təlimlərə Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan təhsil müəssisələrinin müəllimləri cəlb edilib: “Əyani həyata keçirilən təlimlərdə 2180 nəfər müəllim iştirak edib. Müəyyən səbəblərdən əyani keçirilən təlimdə iştirak edə bilməyən müəllimlər üçün onlayn təlimlər təşkil olunub. Hazırda onlayn təlimlərdə 200 nəfərdən artıq müəllim iştirak edir”.
Təlim proqramı sertifikatlaşdıma imtahanının məzmununa uyğun olaraq müəllimlərin təlim ehtiyacları əsasında hazırlanıb. Təlimlər müəllimlərin iş və ya yaşayış yerlərinə yaxın mərkəzlərdə təşkil olunub.
İnstitut direktorun sözlərinə görə, bir çox qruplarda təlimlərin bitməsinə baxmayaraq, təlimçilərlə müəllimlərin əməkdaşlığı davam edir: “Belə ki, təkrar sertifikasiya imtahanına hazırlaşan müəllimlərin sualları yarandıqda bir daha təlimçilərlə əlaqə yaradıb problemin həll yollarini birgə müəyyən edirlər”.
R.Əzizov onu da əlavə edib ki, il ərzində başqa dəstəkləyici tədbirlər də keçirilib: “100-dən artıq maarifləndirici və birbaşa fənlərlə bağlı olan seminarlar, regionlarda görüşlər, vebinarlar keçirilib. Təlimatlar və metodik vəsaitlər hazırlanıb təhsil institutunun veb səhifəsinə yerləşdirilib”.
R.Əzizov təlimlərdə yüksək nəticə göstərən müəllimlərin qüvvəsindən, bilik və bacarıqlarından da istifadə edildiyini vurğulayıb: “Təlimləri, əsasən ötən tədris ilində sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərən müəllimlər keçir. Bu da müəllimlərə fəaliyyətlərini səmərəli qurmaq üçün daha da stimul verir”.
R.Əzizov deyir ki, müəllimlərin hər çətinliyinin nəzərə alınması, onların sertifikasiya imtahanına hazırlaşa bilmələri üçün hər şəraitin yaradılması nəticəsiz qalmayıb: “Müəllimlərdən çox yaxşı rəylər alırıq. Həm təlimlərimizin nəticəsi, həm də təlimlərin səmərəli şəkildə təşkilinin nəticəsi razılıqla qarşılanır. Müəllimlər prosesdən çox razı qaldıqlarını hər fürsətdə dilə gətirirlər. Təlimin səmərəli təşkili, məzmunun ehtiyaclara uyğun olması, həmçinin təlim keçirilən məkanların müəllimlərin iş və yaşayış yerlərinə yaxın olması müəllimlərin məmnunluğuna səbəb olub”.
O, ikinci şansından mütləq istifadə edəcək.
“Bu təlimlər sayəsində əvvəlkindən daha yaxşı nəticə əldə edəcəyimə şübhə etmirəm”
Bəs, müəllimlər özü nə deyir?
Elməddin İsgəndərov ikinci şans qazanan müəllimlərdəndir. Göygöl rayonu Bənövşəli kənd tam orta məktəbin ibtidai sinif müəllimidir. Hesab edir ki, ona verilən bu şansdan lazımınca yararlanacaq: “2 ay təlimlərə qatıldım. Şənbə və bazar günləri keçdik dərsləri. Təlim proqramı 48 saat təşkil etsə də, biz zamandan artıqlaması ilə istifadə etdik. Bir müəllim kimi mənə çox köməyi oldu bu təlimlərin. Olduqca razı qaldım. Bilmədiyim bölmələr vardı. Həmin bölmələr üzərində daha çox işləmək, yanlışlarımı anlamaq imkanım oldu. Buna görə təlimçimiz Türkan Əlizadəyə çox təşəkkür edirəm. Nə soruşduqsa cavab aldıq. Üstəlik, əlaqələrimiz hələ də davam edir. Mən bu imtahanlara çox ümidliyəm. Keçid balını toplayacağıma, təlim sayəsində əvvəlkindən daha yaxşı nəticə əldə edəcəyimə şübhə etmirəm”.
Ruhiyyə DAŞSALAHLI