İyunun 11-də Azərbaycanın orta və ali təhsil sistemində informatika fənninin təşəkkülündə və inkişafında əvəzsiz xidmətləri olan görkəmli alim və pedaqoq Ramin Mahmudzadənin xatirəsinə həsr edilmiş ALPLogo proqramlaşdırma olimpiadası və “Ən yaxşı üçölçülü model” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Bakı şəhəri 283 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə Təhsil İnstitutu yanında Tədris Resursları Mərkəzinin direktor müavini İsmayıl Sadıqov, mərkəzin şöbə müdiri Əsgər Quliyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, “Paşa Sığorta” şirkətinin İnformasiya Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Cəmşid Naxçıvanski, ADA Universiteti School of IT & Engineering Məktəbinin professoru Mixail Medvedyev, “İdrak” liseyinin İnnovativ Təhsil Texnologiyaları Departamentinin rəhbəri Gülnarə Səlimova, Bakı şəhəri 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədova, 276 nömrəli tam orta məktəbin informatika müəllimi Əlinazim Mahmudzadə, qalib şagirdlər və onların müəllimləri iştirak ediblər. Mərasimdə öncə görkəmli pedaqoq Ramin Mahmudzadənin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri Bakı şəhəri 283 nömrəli tam orta məktəbin informatika müəllimi, “İnformatika” dərsliklərinin həmmüəllifi, Əməkdar müəllim Naidə İsayeva giriş sözü ilə açaraq tanınmış alim Ramin Mahmudzadənin XX əsrin ikinci yarısından yeni yaranan kompüter elmlərinin (informatika) Azərbaycanda inkişafındakı böyük rolundan danışıb. Tanınmış pedaqoqun İT sahəsində ilk azərbaycanlı mütəxəssislər hazırlayan alim olduğu diqqətə çatdırılıb.
Sonra Bakı şəhəri 283 nömrəli tam orta məktəbin direktoru Sevinc Musayeva, Təhsil İnstitutu yanında Tədris Resursları Mərkəzinin direktor müavini İsmayıl Sadıqov, “Multimedia” İnformasiya Sistemləri Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış ediblər.
Çıxış edənlər informatikanın ən mühüm və vacib fənlərdən biri kimi əksər dünya ölkələrinin təhsil sistemlərində öyrənilməsinə xüsusi diqqət yetirilməsindən, onun insanın zehni inkişafına kömək etməsindən, məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində vacib rolundan danışıblar.
Qeyd olunub ki, informatika insanların elmi, praktiki biliklərinin genişlənməsində, yeni ixtisaslara yiyələnməsində mühüm rol oynayır. İnformatika fənni insanları informasiyalaşmış cəmiyyətdə praktik həyati fəaliyyətə hazırlayır, dünyadakı elektron informasiya resurslarını təhlil etmək bacarıqlarını formalaşdırır.
Çıxışlarda son illər Azərbaycanda informatika fənninə marağın artmasından, istər Bakı , istərsə də respublikamızın müxtəlif bölgələrindən olan şagirdlərin bu fənn üzrə keçirilən olimpiada və müsabiqələrə həvəslə qatılaraq yüksək nəticələr əldə etmələrindən məmnunluq ifadə olunub. O da vurğulanıb ki, bu il ilk dəfə olaraq abituriyentlər informatika fənni üzrə qəbul imtahanı veriblər və bu da onun bir daha həyatımızdakı önəmini göstərir.
Çıxış edənlər ALPLogo və SketchUp ümumrespublika yarışları qaliblərini və onların müəllimlərini ədə etdikləri uğur münasibəti ilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıblar.
Sonra ALPLogo proqramlaşdırma olimpiadasının və SketchUp müsabiqəsinin qalibləri elan edilib. ALPLogo proqramlaşdırma olimpiadasının nəticələrinə əsasən, 8 nəfər I, 12 nəfər II, 14 nəfər III və 7 nəfər IV yerlərə layiq görülüb.
SketchUp müsabiqəsində isə 2 nəfər I, 3 nəfər II, 4 nəfər III və 7 nəfər IV yerləri tutub. Qalib şagirdlərə mükafatlar təqdim edilib. Bu yarışların təşkilində fəal iştirak edən və şagirdləri qalib olan informatika müəllimlərinə sertifikatlar verilib.
Məlumat üçün bildirək ki, ALPLogo komandalar sistemi Azərbaycan dilində olan ilk proqramlaşdırma mühitidir.
LOGO proqramlaşdırma dili dünyanın bir çox dilləri üçün lokallaşdırılmışdır. Bu dil vasitəsilə kiçikyaşlı məktəblilər proqramlaşdırma konsepsiyasının əsaslarını öyrənir, onlarda düşüncə və məsələ həlli vərdişləri inkişaf etdirilir. LOGO mühiti uşaq personajına çevrilmiş bağanın hərəkətlərinin proqramlaşdırılmasına əsaslanır. Bağa hərəkət etdikcə iz qoyur və nəticədə rəngarəng görüntülər alınır.
ALPLogo adlanan Azərbaycan versiyası 2012-ci ildə ümumtəhsil məktəbləri üçün “İnformatika” dərsliklərinin müəllifləri Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva və proqramçı Cəmşid Naxçıvanskidən ibarət qrup tərəfindən “Bakı” nəşriyyatında işlənib hazırlanmış və bugünədək respublika məktəblərində böyük uğurla istifadə olunmaqdadır. Proqram mühiti V, VI və VII sinif “İnformatika” dərsliklərinə daxil edilmiş və respublika məktəblərinə ödənişsiz yayılması təmin olunmuşdur. Proqramın başlıca özəlliyi komandaların Azərbaycan, ingilis və rus dillərində yazıla bilməsindədir. Azərbaycan və rus bölmələrində dərs zamanı müəllimlərin hər hansı dildə yazılmış hazır kodlardan asanca istifadə etmələri üçün proqramda interfeys dilinin dəyişdirilməsi ilə yanaşı, kodun bir dildən başqa dilə avtomatik çevrilməsi imkanı da vardır. ALPLogo proqramlaşdırma olimpiadasına ümumtəhsil məktəblərinin V-VII sinif şagirdləri qatılırlar.
SketchUp proqramı isə obyektlərin üçölçülü modellərini yaratmaq üçün nəzərdə tutulan müasir proqramlardandır.
Autodesk Maya, 3D Max, AutoCAD kimi mükəmməl və mürəkkəb proqramlarda işləmək üçün SketchUp proqramı çox uğurlu başlanğıcdır. Bu proqramda iş vərdişlərinin formalaşdırılması informatikanın riyaziyyat, təsviri incəsənət, texnologiya fənləri ilə inteqrasiyasını təmin edir. “İnformatika” fənninin əsas məzmun xətlərindən birinin modelləşdirmə olduğunu nəzərə alaraq, SketchUp proqramı ilə bağlı mövzular 2011-ci ildə VII sinif “İnformatika” dərsliyinə daxil edilmişdir. Hazırda isə yeni kurikuluma uyğun olaraq, bu proqram VIII sinifdə öyrədilir. “Ən yaxşı üçölçülü model” müsabiqəsinə qatılan VII-X sinif şagirdləri də məhz bir sıra obyektlərin üçölçülü modellərini hazırlayıblar.
5-6-cı sinif şagirdləri arasında keçirilən ALPLogo-2023 proqramlaşdırma olimpiadasının nəticələri
I yer
Əli Nəbiyev - Bakı şəhəri 261 nomrəli məktəb-lisey
Cavid Göyüşlü - Şuşa şəhəri 1 nömrəli tam orta məktəb
Emin Məmmədzadə - Balakən şəhəri 3 nömrəli tam orta məktəb
Leyla Qebedova - Balakən şəhəri 1 nömrəli tam orta məktəb
Səlim Saxrayev - Balakən rayonu Qazbinə kənd tam orta məktəbi
Onur Mehdili - Sumqayıt şəhəri 38 nömrəli tam orta məktəb
Rəsul Nağı - Balakən rayonu Qazbinə kənd tam orta məktəbi
II yer
Nihad Ağayev - İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəb
Əminə Ramazanlı - Bakı şəhəri “İdrak” liseyi
Kənan Cəbili - Bakı şəhəri 287 nömrəli tam orta məktəb
Süleyman Mürşüdov - Balakən rayonu Qazbinə kənd tam orta məktəbi
Amin Lətifli - Bakı şəhəri 283 nömrəli tam orta məktəb
Azad Kərimli - İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəb
Nihad Ramazanov - Quba rayonu Qırmızı Qəsəbə 1 nömrəli tam orta məktəb
Səttar Cabbarlı - Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziya
Türkel Zeynallı - Şamaxı rayonu Qızmeydan kənd orta məktəbi
III yer
Lalə Surxayeva - Balakən şəhəri 1 nömrəli tam orta məktəb
İsmayıl Balakişiyev - İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəb
Kərim Kərimli - Bakı şəhəri 261 nomrəli məktəb-lisey
Leyla Əlizadə - Şirvan şəhəri 1 nömrəli tam orta məktəb
Kamilə Əhməyeva - Balakən şəhəri 1 nömrəli tam orta məktəb
Lalə Sadıqova - Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbi
Sabir Hüseynov - Balakən şəhəri 1 nömrəli tam orta məktəb
Xəlil Xudayev - Şirvan şəhəri 1 nömrəli tam orta məktəb
Saleh Mürşüdlü - Balakən rayonu Qazbinə kənd tam orta məktəbi
Nazlı Zərbiyeva - İsmayıllı şəhəri 3 nömrəli məktəb-lisey
7-ci sinif şagirdləri arasında keçirilən ALPLogo-2023 proqramlaşdırma olimpiadasının nəticələri
I yer
Zəhra Niyazlı - Sumqayıt şəhəri 38 nömrəli tam orta məktəb
II yer
Mərd Rəsulov - Bakı şəhəri Elitar Gimnaziya
Sahib İsgəndərli - Bakı şəhəri 295 nömrəli tam orta məktəb
Aydan Rəşidli - Bakı şəhəri 274 nömrəli tam orta məktəb
III yer
İnci İsmayılzadə - Bakı şəhəri 261 nömrəli məktəb-lisey
Abdullah Əliyev - Bakı şəhəri 267 nömrəli məktəb-lisey
Rəhim İlyasov - Gəncə şəhəri 6 nömrəli tam orta məktəb
Ədalət Hüseynli - İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəb
7-10 sinif şagirdləri arasında keçirilən “Ən yaxşı üçölçülü model” müsabiqəsinin nəticələri
I yer
Xədicə Məmmədzadə- Xırdalan şəhəri 2 nömrəli tam orta məktəb
Jalə Məmliyeva- Bakı şəhəri 182 nömrəli tam orta məktəb
II yer
Rakif Ağayev- Xızı rayonu Şorabad qəsəbə tam orta məktəbi
Ramil Aslanov - Şamaxı rayonu Qızmeydan kənd tam orta məktəbi
Elvin Ağakərimov - Quba rayonu Alekseyevka kənd tam orta məktəbi
III yer
Nicat Həsənov - İsmayıllı şəhəri 3 nömrəli tam orta məktəb
Amid Musayev - Şirvan şəhəri 16 nömrəli tam orta məktəb
Əli Məmmədov - Bakı şəhəri Kaspi liseyi
Zəhra Lətifli - Şəki şəhəri Fizika-riyaziyyat və humanitar təmayüllü lisey
Samirə KƏRİMOVA