Üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları üzrə imtahanı keçirilib. Bununla da üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi başa çatıb.
“Yüksəliş”dən bildirilib ki, imtahanlar Bakı şəhərində 7 imtahan mərkəzində təşkil olunub. Əyani mərhələnin ikinci imtahanı olan İdarəetmə bacarıqları üzrə imtahanda qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən 1071 nəfər iştirak etmək haqqı qazanıb.
İdarəetmə bacarıqları üzrə imtahanda iştirakçılara qərarların verilməsi, layihələrin və iş prosesinin idarə olunması, sosial intellekt üzrə situasiya tipli suallar, tənqidi düşüncə üzrə isə sual və tapşırıqlar təqdim olunub. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 30 dəqiqə vaxt ayrılıb.
İmtahan bitəndən sonra növbəti 5-7 iş günü ərzində iştirakçılara nəticələrlə bağlı müvafiq hesabat göndəriləcək.
Qeyd edək ki, imtahanlar Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Əyani mərhələni uğurla başa vuran 300 nəfərədək iştirakçı müsabiqənin yarımfinal mərhələsinə keçid edəcək. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə üçüncü “Yüksəliş” müsabiqəsi başa çatacaq.
Məlumat üçün bildirək ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20000 AZN dəyərində pul mükafatı gözləyir.