Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Qo Min Bakı Dövlət Universitetində (BDU) olub.
Qonağı salamlayan rektor Elçin Babayev bildirib ki, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi BDU-nun İnkişaf Strategiyasının 5 ən vacib elementindən biridir. Bu baxımdan BDU Çinin ali məktəbləri ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Rektor BDU-da çinli tələbələrin çoxluq təşkil etdiyini və onların problemləri, təhsilləri ilə daim maraqlandığını qeyd edib:”Çinli tələbələr BDU-nun sosial-mədəni həyatında da yaxından iştirak edirlər. Hətta onlardan bəziləri Azərbaycan dilində danışa, mahnılar oxuya bilirlər. BDU-da, həmçinin Konfutsi İnstitutu fəaliyyət göstərir. İnstitut Azərbaycanda Çin dilinin və mədəniyyətinin öyrənilməsində mühüm rol oynayır”.
E.Babayev BDU-nun Çinin bir neçə ali məktəbi ilə əlaqələrinin olduğunu, lakin bunun kifayət etmədiyini vurğulayıb. O, BDU-nun daha çox çinli tələbəni cəlb etməkdə, həmçinin Çinin ali məktəbləri ilə təkcə təhsil sahəsində deyil, elmi-tədqiqatlarla bağlı da əlaqələr yaratmaqda, ikili və ya üçlü diplomlar imzalamaqda maraqlı olduğunu deyib.
Səfir Qo Min isə Azərbaycanın ilk və ən böyük universiteti olan BDU-da olmaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycanda təhsil alan çinli tələbələrin təxminən yarısı BDU-nun payına düşür. Təhsil sahəsində Azərbaycanla Çin arasında böyük perspektivlərin olduğunu deyən səfir çinli tələbələrə göstərilən qayğıya görə BDU rektoruna təşəkkür edib. O, BDU-nun nəzdində Konfutsi İnstitutunun Çin dilinin və mədəniyyətinin təbliğində vacib pəncərə olduğunu diqqətə çatdırıb, səfirliyin BDU ilə Çin ali məktəbləri arasında əlaqələr yaratmağa hazır olduğunu bildirib.
Səfir Qo Min BDU-nun nəzdində Konfutsi İnstitutunun fəaliyyəti və kollektivi ilə tanış olub. Daha sonra BDU-da təhsil alan çinli tələbələrlə görüşüb.