Hörmətli oxucular, 1999-cu ildə Azərbaycanda təhsil islahatının-yeni dövrün başlanması ilə əlaqədar çox məqalələr, kitablar yazılmış, proqramlar, dərsliklər nəşr olunmuş, layihələr həyata keçirilmişdir. Hələ yazılacaq, hələ nəşr olunacaq neçə-neçə kitablar bizi gözləyir. Azərbaycan xalqının məktəb tarixinin öyrənilməsindən, fədakarlıq göstərmiş şəxsiyyətlərdən, pedaqoji kollektivlərdən, o cümlədən ayrı-ayrı müəllimlərin, təhsil işçilərinin fəaliyyətindən söhbət açmaq tariximizə və mənəviyyatımıza hörmətdir.
Bu müqəddəs peşəyə sonsuz heyranlıqla xidmət edən, pedaqoj ictimaiyyət tərəfindən birmənalı qəbul edilən, sevilən, nümunə göstərilən yüzlərlə, minlərlə müəllimlərimiz vardır. Biz onlarla fəxr edirik. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Böyüməkdə olan nəslin mənəviyyatca zəngin, ideyaca mətin, yüksək əxlaqlı şəxsiyyət kimi formalaşdırılması bu gün cəmiyyətimiz qarşısında duran çox mühüm vəzifədir” müdrik kəlamı hər bir təhsil işçisinin fəaliyyət proqramıdır.
Səmimi deyək ki, sadaladığımız yüksək keyfiyyətlərə malik müəllimlərimizdən biri də əslən şuşalı olan, ömrünün yarım əsrini Azərbaycan təhsilinin inkişafına, məktəb idarəçiliyinə, məktəbşünaslığa, elmə, yaradıcılığa, milli-mənəvi dəyərlərimizin təbliğinə, Vətəninə və xalqına sədaqətlə xidmətə, gənclərin vətənpərvərlik tərbiyəsinə, təhsil islahatlarının uğurla həyata keçirilməsinə, bir sözlə, həyatda qazandığı ən yüksək keyfiyyətləri gələcək nəsillərə verməyi özünə mənəvi borc bilən Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim Aydın Əhmədovdur.
Bu yazımızda Aydın Əhmədovun 2023-cü ildə “Elm” nəşriyyatında çap olmuş “Pedaqoji düşüncələr” (monoqrafiya dəyərli) adlı kitabı haqqında söz açacağıq.
Kitabın elmi məsləhətçisi kimya üzrə fəlsəfə direktoru Rüfət Əzizov, elmi redaktoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Ənvər Abbasov, rəyçilər: pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Akif Abbasov, nəşrə hazırlayan pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadovdur.
...448 səhifədən və 5 fəsildən ibarət olan “Pedaqoji düşüncələr” kitabında müəllifin uzun illər ayrı-ayrı mətbu orqanlarda dərc olunmuş nəzəri-pedaqoji və praktik xarakter daşıyan məqalələri, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məktəbə, təhsilə, elm və elm adamlarına, gənclərin vətənpərvərlik tərbiyəsinə, müstəqil Azərbaycanın inkişafı naminə verdikləri tövsiyələr, sərəncamlar, habelə, tanınmış pedaqoqların, alimlərin, ziyalıların, şair və yazıçıların, sənət və peşə sahiblərinin maraqlı fikirləri, o cümlədən inkişaf etmiş bir çox ölkələrin pedaqoji sahədə qabaqcıl iş təcrübələri, təhsil sistemindəki yeniliklər:
- Təhsilin yeni məzmunu: standart və kurikulumlar;
- Ümumi təhsilin təşkili və idarə olunması;
- İstedadlıların təhsili;
- “Ədəbiyyat” fənninin tədrisi, mülahizələr, nümunələr;
- Ədəbi-bədii fraqmentlər və s. kitabda əsas yer tutur.
Bəri başdan deyim ki, uzun illər təhsil sahəsində çalışan bir insan kimi, yaxından tanıdığım, dostluq etdiyim Aydın Əhmədovun mənalı ömür yolu, təhsillə bağlı pedaqoji məqalələri, kitabları, metodiki vəsaitləri, ədəbi-bədii yazıları, həyata keçirdiyi uğurlu layihələr, qazandığı təltiflər, layiq olduğu mükafatlar, həyat təcrübəsi, səmimiliyi, təhsilə sonsuz vurğunluğu, insana və insanlığa verdiyi qiymət, onun mənəvi zənginliyi, müdrikliyi, dünyagörüşü, özünün nümunəvi ailə başçısı olması məni əlimə qələm almağa sövq etdi. Gözlərim qarşısında 23 dekabr 1983-cü ildə “Azərbaycan müəllimi” qəzetində dərc olunmuş “Önündə baş əyək” adlı şeirim canlandı. Şeirin bir neçə misrasını bu yazımda verməyi özümə mənəvi borc hesab etdim.
Müəllim - zülmətlər içində bir nur,
Zəkası incilər xəzinəsidir.
Məsləki, amalı, vicdanı billur,
Dünyanın möhtəşəm xəritəsidir...
***
Müəllim! Ən ülvi müqəddəs insan,
Ondan dərs alacaq nəsillərimiz.
Müəllim olmasa, kor qalar cahan,
Bu adın önündə baş əyirik biz!
Onu da deyim ki, Aydın Əmədovun yüksək keyfiyyətlərə yiyələnməsində onun respublikamızda böyük nüfuza malik olan atasının, pedaqoq-alim Əhəd Əhmədovun, anası Validə müəllimin və doğulduğu ziyalılar şəhəri - Şuşanın böyük rolu olmuşdur.
Kitabın “Ədəbi-bədii fraqmentlər” və “Təhsilin fəlsəfəsinə dair” bölməsində klassik pedaqoqların, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Nobel mükafatı laureatlarının məktəb, təhsil və tərbiyə ilə bağlı fikirlərinə, tanınmış şair və yazıçıların Qarabağla, Şuşa və digər bölgələrlə bağlı şeirlərindən, ayrı-ayrı bölgələrdə pedaqoji sahədə çalışan tanınmış insanların yazılarından nümunələrə də təqdiredici yer ayrılmışdır ki, bu da Aydın Əhmədovun savadlı filoloq, zəngin təcrübəli pedaqoq, söz və hikmət xridarı olmasından irəli gəlir.
Müəllif haqqında qısa arayış:
Əhmədov Aydın Əhəd oğlu 1952-ci ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini Şuşa şəhər 1 nömrəli məktəbdə, orta təhsilini 1968-ci ildə Bakı şəhərindəki 152 nömrəli məktəbdə başa vurmuşdur. 1972-ci ildə keçmiş V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (hazırkı ADPU) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1972-1982-ci illərdə orta məktəbdə müəllim, direktor müavini, təhsil şöbəsi və keçmiş Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist işləmişdir. 1982-ci ilin iyun ayında keçmiş Maarif Nazirliyinə işə qəbul edilmiş, metodist, inspektor, sonradan yaradılmış Xalq Təhsili Nazirliyində şöbə müdiri vəzifəsində çalışmışdır. 1995-1999-cu illərdə Bakı şəhəri Təhsil İdarəsi rəisinin müavini təyin edilmişdir. 1999-cu ilin aprelindən 2020-ci ilin əvvəlinədək Təhsil Nazirliyində ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2020-ci ilin yanvarından Azərbaycan Respublikası Təhsil İnstitutunda direktor müavinidir.
2005-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülmüş, 2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2012-ci ildə “Təhsil əlaçısı” döş nişanı ilə təltif edilmişdir. Azərbaycanda “Təhsil Sektorunun İnkişafı layihəsi” çərçivəsində həyata keçirilən “Kurikulum islahatı” alt-komponentinin koordinatoru olmuşdur.
Aydın Əhmədov ümumi təhsillə bağlı aktual problemlərə həsr olunmuş onlarla elmi-pedaqoji məqalənin, publisistik yazıların, proqram, layihə və tövsiyələrin müəllifidir. Onun Vətəninə, xalqına, daşıdığı vəzifəsinə sonsuz sevgisi adamı valeh edir. Gözlərim qarşısında Siseronun “Müdrikliyə yiyələnmək kifayət deyil, həm də ondan istifadə etməyi bacarmalısan” kəlamı canlandı. Şərəfli və ləyaqətli ömür yolu keçmiş Aydın Əhmədov bu gün müdriklik yaşında da gəncliyə xas olan həvəslə təhsil sahəsində öz sözünü deyir.
Nəhayət, deyək ki, “Pedaqoji düşüncələr” kitabı məktəb rəhbərləri, müəllimlər, metodistlər, təhsil mütəxəssisləri, dissertantlar və tələbələr üçün qiymətli vəsaitdir.
Sonda onu da deyək ki, “Pedaqoji düşüncələr” kitabının geniş təhlili yox, kitab haqqında məlumat vermək qarşıya məqsəd qoyulmuşdur.
Mən ömrünün mənasını təhsildə, məktəbdə, elmdə, bədii-publisistik yaradıcılıqda, mənən zənginlikdə, Vətəninə sədaqətli olmasında, doğulduğu yurda sonsuz sevgisində tapan əziz dostuma uzun ömür, sağlam həyat və yeni yaradıcılıq uğurları arzulayıram!
Əyyub ƏBDÜLƏZİMOV (ŞIRLANLI),
şair-publisist, Əməkdar müəllim, “Məclisi-üns” - “Söz Gülüstanı” Ədəbi Birliyinin rəhbəri