Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə görüşlər keçirilib.       

 

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, İdarənin Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Təlimə Dəstək Mərkəzinin direktoru Minarə Fərzəliyeva, Azərbaycan dili fənni üzrə metodisti Günel Bayramova, paytaxtın ümumi təhsil məktəblərində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.

 

Görüşdə təhsilverənlərin sertifikatlaşdırılma prosesinin təşkili qaydaları, mərhələləri, məzmunu ilə bağlı ətraflı məlumat verilib.

 

Həmçinin qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə iştirakçılar məlumatlandırılıb, imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının  yoxlanılması, onların inkişafına nail olunması və təlim ehtiyaclarının müəyyənləşdirilməsindən ibarətdir.