Azərbaycanın ilk riyaziyyatçı qadın alimi - Maya Hüseynəli qızı Hacıyeva


Maya Hacıyeva Şuşanın bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir.

 

İlk təhsilini doğma Şuşa şəhərində alan gənc Maya 1931-ci ildə Şuşa Pedaqoji Texnikumunu bitirdikdən sonra arzularının arxasınca Bakıya gedir və Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika-riyaziyyat fakültəsinə qəbul olunur. İnstitutun rəhbərliyi istedadlı gənci təhsilini davam etdirməsi üçün Moskva şəhərinə göndərir. Beləliklə, Maya 1935-1938-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alır.

 

Maya təhsildə olduğu kimi, karyera pilləsinə də erkən yaşlarda addım atır. Azərbaycan Dövlət Universitetində (indiki BDU) assistent kimi fəaliyyətə başlayan gənc Maya qısa müddətdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Nəzəri fizika kafedrasında işləməyə başlayır.

 

İkinci Dünya müharibəsi Mayanın elmi axtarış istiqamətlərini dəyişməsinə səbəb olur. O, 1941-1943-cü illərdə Azərbaycan Dövlət Universitetində aspirantura təhsilini müvəffəqiyyətlə bitirərək “Helmhols tənliyi üçün sərhəd məsələsi” mövzusunda dissertasiyanı uğurla müdafiə edir. Növbəti il universitetin Elmi şurasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi adını alan Maya Hacıyeva Azərbaycanın ilk riyaziyyatçı qadın alimi kimi tarixə düşür. Onun ilk monoqrafiyası 1945-ci ildə Azərbaycanın gənc alimlərinin müsabiqəsində ən yüksək mükafata layq görülür.

 

1944-cü ildən Azərbaycan Dövlət Universitetinin Nəzəri mexanika kafedrasında dosent kimi fəaliyyət göstərən Maya xanım 85 illik ömrünün 60 ilini yalnız tədrisə, gənclərin mükəmməl təhsil almasına həsr edir. O, işlədiyi dövrdə çoxsaylı mükafatlara layiq görülsə də onun üçün ən dəyərlisi cəmiyyətə bəxş etdiyi istedadlı gənclər olur.

 

Həm elmi-pedaqoji fəaliyyəti və uğurları, həm də humanist addımları ilə böyük sevgi və rəğbət qazanan Maya xanım hər bir tələbəyə ana nəvazişi göstərir, təqaüd ala bilməyən gənclərə şəxsi vəsaiti hesabına yardım edirdi.

 

Maya Hacıyevanın böyüklüyü sevgi, qayğı, məqsədyönlülük, zəriflik və fədakarlıq kimi qəhrəman Azərbaycan qadınına xas olan xüsusiyyətlərə mükəmməl bir şəkildə malik olmasındadır...