Böyük Britaniyanın Koventri Universitetinin tədqiqat məsələləri üzrə prorektoru Riçard Daşvud və universitetin nəzdində Etimad, Sülh və Sosial Münasibətlər İnstitutunun icraçı direktoru Maykl Hardi Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

 

AzTU-da görülən işlər haqqında məlumat verən rektor V.Vəliyev universitetin fəaliyyətində universitet-sənaye işbirliyi, multidisiplinar tədqiqatlar və beynəlmiləlləşmənin əhəmiyyətini vurğulayıb.

 

Koventri Universiteti haqqında məlumat verən prorektor Riçard Daşvud bildirib ki, sözügedən ali təhsil müəssisəsinin Şərqi Avropa və Asiyada da nümayəndəlikləri var. O qeyd edib ki, Koventri Universitetində əsasən təbiət elmləri, humanitar,  səhiyyə və mühəndislik sahələrində tədris və tədqiqatlar aparılır.

 

Görüş zamanı birgə tədris və tədqiqat imkanları da müzakirə olunub.