“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 35 nömrəli tam orta məktəbdə keçirilib.  

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin budəfəki qonağı millət vəkili Fazil Mustafa olub.

 

Qonaq məktəb illəri, ilk müəllimi, gənclik dövrü ilə bağlı xatirələrindən, həyat yolunun maraqlı məqamlarından söz açıb. Şagirdlərlə səmimi ünsiyyət ortamında keçən görüşdə F.Mustafa oxu vərdişləri, mütaliənin üstünlükləri, gələcəyə hesablanmış doğru ixtisas seçimləri, yeniyetmə və gənclərin zərərli vərdişlər, yad təsirlərdən qorunması yolları və digər mövzular barədə şagirdlərə tövsiyələrini verib.

 

F.Mustafa bir xalq, millət üçün birliyin, həmrəyliyin önəmi və bu məsələdə gənclərin üzərinə düşən vəzifələrdən, şagirdlərin ləyaqətli insan və vətəndaş olaraq yetişməsində təhsil müəssisələrinin rolundan danışıb, milli-mənəvi dəyərlərə hörmət hissləri, nəsillərarası müqayisə və mübarizə və digər maraqlı məqamlara toxunub, şagirdləri düşündürən sualları cavablandırıb.

 

Daha sonra qonaq məktəbə kitab hədiyyə edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo” xəbər portalının birgə layihəsi əsasında ərsəyə gələn “Qazi müəllimlər” kitabı isə qonağa təqdim olunub.

 

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.