Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Almaniyanın Fridrix-Aleksandr Erlangen-Nüremberq Universiteti və Qazaxıstanın Qazax Milli Pedaqoji Universiteti (KazNPU) ilə birgə icra olunan “Pedaqoji peşəkarlıq və beynəlmiləlləşmə-Postsovet İslam Təhsil Məkanı ilə Dialoq” adlı layihə çərçivəsində “Çoxdillilik, beynəlmiləlləşmə, rəqəmsallaşma müəllim hazırlığında innovativ amillər kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Konfransdan əvvəl ADPU-nun rektoru professor Cəfər Cəfərov tədbir iştirakçılarını və layihə rəhbərlərini qəbul edib.  Görüşdə  ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə  Hüseynova, elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov da iştirak ediblər.

 

Konfransı giriş sözü ilə açan rektor C.Cəfərov 3 illik layihənin sonunda belə bir konfransın baş tutmasını uğurlu sayıb, növbəti mərhələdə hər iki universitet ilə əməkdaşlıq etmək haqqında yeni danışıqların aparılması barədə təkliflərini irəli sürüb. C.Cəfərov qeyd edib ki, konfransa Almaniya, Qazaxıstan və Azərbaycandan, ümumilikdə 37 məqalə təqdim olunub.

 

Çıxış edən prorektor professor Mahirə Hüseynova bu cür konfransların professor-müəllim heyəti və tələbələr üçün əhəmiyyətli olduğunu vurğulayıb, konfransın müəllimlik fəaliyyəti ilə məşğul olan və ya bu yolda ilk addımlarını atmağa hazırlaşan gənc mütəxəssislərin bir yerə toplaşmasına səbəb olduğunu bildirib.

 

Prorektor professor Asəf  Zamanov isə hər kəsin mövqeyini dinləməyin, qarşılıqlı fikir mübadiləsi zəminində bənzər və fərqli görüşləri dəyərləndirməyin vacibliyini söyləyib. Qeyd edib ki, elmi araşdırmanın təşviqini hədəfləyən bu kimi konfrans və seminarlar peşəkar müəllim hazırlığına xidmət baxımından yüksək qiymətləndirilir. Professor hesab edir ki, bütün cəsarətli ideyalar, yeniliyi ehtiva edən təkliflər, əldə olunan nəticələr məhz belə kolloborativ mühitdə yarandıqda, müxtəlif görüşlü mütəxəssislərin fikir süzgəcindən keçdikdə, elmi dəyərini, etibarlığını daha da artırmış olur.

 

Qazaxıstandan olan layihə tərəfdaşı KazNPU-nun elm və innovasiyalar şöbəsinin müdiri professor Ulzarxun Abdiqafarova konfransın təşkili və ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkür edib.

 

Plenar iclasın sonunda layihə rəhbəri  professor  Anatoli  Rakoşkin 3 illik layihənin Bakıda beynəlxalq konfrans ilə nəticələnməsindən məmnunluğunu bildirib və ADPU rəhbərliyinə təşəkkür edib.

 

Konfrans “Beynəlxalq təhsil-tarix, inkişaf və cari problemlər. Azərbaycan, Almaniya və Qazaxıstanda təcrübə”, “XXI əsrdə müəllim hazırlığı-aktual problemlər və perspektivlər”, “Təhsildə rəqəmsallaşma”  bölmələri üzrə davam edib. 

 

Konfransın sonunda iştirakçılar sertifikatla  təltif olunub.