Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Holon Texnologiya İnstitutunda olub. Səfir burada kompüter elmləri üzrə ikili diplom proqramına əsasən təhsil alan Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb.

 

M.Məmmədov İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığın son dərəcə uğurlu olduğunu vurğulayıb. Qeyd edib ki, bununla İsraillə Azərbaycan arasında geniş akademik əməkdaşlığa qapı açılıb.


Holon Texnologiya İnstitutunun prezidenti professor Eduard Yakubov da Azərbaycan-İsrail əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Vurğulayıb ki, bu əməkdaşlığa Holon Texnologiya İnstitutu da öz töhfəsini verir.
 

Səfir BDU tələbələrinin təhsilləri ilə maraqlanıb, onlara uğurlar arzulayıb.


Qeyd edək ki, Holon Texnologiya İnstitutu ilə BDU arasında kompüter elmləri üzrə ikili diplom proqramı həyata keçirilir. Proqramın əsas məqsədi kompüter elmləri sahəsində effektiv alqoritmlərin qurulması və təhlilinin müasir metodlarını, texnologiyalarını real sənaye məsələlərinin həllində tətbiq etmək bacarığına malik mütəxəssislər hazırlamaqdır. İkili diplom proqramı üzrə 15 tələbə təhsil alır. Bu il aprelin 28-də proqramın ilk 5 məzununun buraxılış mərasimi keçirilib. Mərasimdə Holon Texnologiya İnstitutunun prezidenti professor Eduard Yakubovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Qalan 10 tələbə isə hazırda Holon Texnologiya İnstitutunda təhsilini davam etdirir.


BDU ilə Holon Texnologiya İnstitutu digər sahələrdə, o cümlədən müasir dövrün tələblərinə cavab verən SABAH magistr proqramının hazırlanmasında da əməkdaşlıq edir.