“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində paytaxt məktəblərində silsilə tədbirlər keçirilib.                                                                                                                           

 

OCEP layihəsinə cəlb olunmuş ümumi təhsil müəssisələrində müxtəlif idman yarışları, məşhur idmançılarla görüşlər, rəsm müsabiqələri, “Açıq dərs”lər, sərgilər və digər tədbirlər təşkil edilib.

 

Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), Milli Olimpiya Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri, idmançılar və paralimpiyaçılar, məktəblərin pedaqoji kollektivi, valideynlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

 

Tədbirlərdə OCEP layihəsinin əsas məqsədinin Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, eləcə də olimpiya hərəkatını təşviq etməkdən ibarət olduğu bildirilib. Həmçinin olimpiya dəyərləri və ideyalarını, tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq hisslərini aşılamaq baxımından bu cür tədbir, müsabiqə və yarışların keçirilməsinin vacibliyi vurğulanıb.

 

Tədbirlərdə proqrama cəlb olunmuş ümumi təhsil müəssisələri layihənin açılış mərasimində püşkatma zamanı onlara adları təqdim olunan Avropa ölkələrini təmsil edir, həmin ölkələrin maddi-mənəvi irsini nümayiş etdirirlər.

 

Məktəblilər Avropa ölkələrinin tarixi, milli-mənəvi dəyərləri, eyni zamanda Azərbaycanın mədəniyyət və adət-ənənələri barədə məlumatları həmyaşıdları ilə bölüşürlər. İstedadlı şagirdlərin ifasında milli musiqimizdən incilər səsləndirilir, rəqs kollektivləri milli rəqslərimizlə yanaşı Avropa ölkələrinin rəqslərini də ifa edirlər.

 

Həmçinin bir çox məktəblər əməkdaşlıq etdikləri Avropa ölkələrinin məktəbləri ilə “Skayp” proqramı vasitəsilə əlaqə yaradaraq “Açıq dərslər” keçirirlər. Bu da şagirdlər arasında dostluq əlaqələrinin inkişaf etdirilməsində, münasibətlərdə yeni səhifə açılmasında mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda qardaşlaşmış məktəblər arasında əməkdaşlığın daha da güclənməsinə yol açır.

 

Qeyd edək ki, OCEP layihəsi Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Avropa Olimpiya Komitəsinin maliyyə dəstəyi, həmçinin Milli Olimpiya Komitəsi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.