Mayın 31-də “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinin 125 illik yubileyi keçirilib. Milli Konservatoriyada təşkil olunan tədbirdə kollecin müəllim-tələbə kollektivi ilə yanaşı, ali təhsil müəssisəsinin professorları, tanınmış musiqi xadimləri, ziyalılar, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Milli Konservatoriyanın rektoru professor Siyavuş Kərimi Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında, eyni zamanda inkişafında xüsusi yeri olan kollecin fəaliyyətindən söz açıb. Kollecin məzunlarından danışan rektor Siyavuş Kərimi qeyd edib ki, təhsil müəssisəsini bitirənlər arasında dünyaca tanınmış musiqiçilər var. Onların arasında görkəmli sənətkarlar - Müslüm Maqomayev, Zeynəb Xanlarova, Fikrət Əmirov, Arif Məlikov və digər dəyərli musiqiçilərin adını sadalamaq olar. Rektor xalqımızın musiqi zövqünün formalaşmasında kollecin məzunlarının xüsusi rolu olduğunu da diqqətə çatdırıb.  S.Kərimi elm və təhsil naziri Emin Əmrullayevin kollecin yubileyi ilə bağlı təbrik məktubunu təhsil ocağının rəhbərliyinə təqdim edib. Rektor əlamətdar gün münasibətilə kollecin rəhbərliyini, kollektivini və məzunları təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb. Kollecin kollektivini səmərəli fəaliyyətinə görə diplomla təltif edib.

 

Tədbirdə çıxış edən kollecin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov ənənələrlə zəngin, böyük tarixi keçmişi olan təhsil ocağı haqqında söhbət açıb. Bildirib ki, təhsil ocağının əsası Moskva konservatoriyasının məzunu, pianoçu A.N.Yermolayeva tərəfindən qoyulub. Musiqi məktəbində yerli rus və digər xarici millətlərin  uşaqları təhsil alırdı. 1901-ci ildə həmin məktəbin bazasında “Rus İmperator Musiqi Cəmiyyətinin Bakı Şöbəsi”nin Musiqi sinifləri yaradılır. 1916-ci ildə Üzeyir bəy öz yaradıcı həmkarları ilə birlikdə A.N.Yermolayevanın musiqi məktəbinin Dövlət orta ixtisas musiqi məktəbinə çevrilməsinə nail olur. Milli musiqiçi kadrların hazırlanması sahəsində mühüm rol oynayan bu təhsil ocağı əvvəlcə Türk musiqi məktəbi, 1924 -cü ildən isə musiqiçi kadrların hazırlanmasında əldə olunan uğurların sayəsində orta ixtisas musiqi təhsili müəssisəsi hüququnu qazanaraq “Türk musiqi texnikomu” adlandırılır. Qəbul olunan tələbə heyətinin 80 faizi Azərbaycan xalqının nümayəndələri olur.

 

Professor Nazim Kazımov onu da qeyd edib ki, 1953-cü ildə Musiqi texnikumuna ilk professional musiqi təhsili almış bəstəkar Asəf Zeynallının adı verilir. Azərbaycan Dövlət Musiqi Texnikumu 1999-cu ildən Musiqi Kolleci, 2001- ci il avqustun 10-dan  Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci adlandırılır.

 

Bu tədris ocağında təhsil alan tələbələr arasında dünyaşöhrətli bəstəkarlar, SSRİ xalq artistləri, Azərbaycan Respublikasının xalq artistləri, Əməkdar incəsənət xadimləri, Əməkdar mədəniyyət işçiləri, Əməkdar müəllimlər, Əməkdar artistlər yetişmişdir. Kollecin keçdiyi şərəfli yol, əldə etdiyi nailiyyətlər musiqi təhsilimizin inkişafı naminə görülən nəhəng işin hədər getmədiyini, musiqi təhsil sisteminin orta təhsil pilləsində mühüm nəticələr əldə olunduğunu sübut edir.

 

125 illik yubileyini qeyd edən qocaman təhsil müəssisəsi şərəfli tarixi yol keçmiş, dövrün tələblərinə cavab verən müasir təhsil müəssisəsi kimi təkmilləşmişdir. Kollec bu gün tarixi mərhələdə ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafın tələblərinə uyğun kadr hazırlığını yüksək səviyyədə həyata keçirir, musiqi mədəniyyətinin ənənələrini  davam etdirir.

 

Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açan professor Nazim Kazımov yubiley münasibətilə kolleci və musiqi ictimaiyyətini təbrik edib.

 

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirdə çıxış edərək Musiqi Kolleci haqqında xoş fikirlər səsləndirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan musiqisinə, təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Azərbaycan musiqisinin dünya səviyyəsində tanınmasında, inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olduğunu diqqətə çatdırıb.

 

Kollecin bir musiqi məbədi olduğunu deyən Asif Əsgərov onu da qeyd edib ki, təhsil ocağı həm də uzun illərdir ki, musiqi sahəsində pedaqoji kadr hazırlığını yüksək səviyyədə həyata keçirir. Kollecin kollektivini yubiley münasibətilə təbrik edərək onlara uğurlar diləyib.

 

Tədbirdə digər çıxış edənlər  ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə,  Xalq artisti Alim Qasımov, bəstəkar Faiq Sücəddinov və başqaları kolleclə bağlı xoş fikirlər səsləndiriblər.

 

Tədbirdə kollecin tələbələrinin ifasında biri-birindən gözəl musiqilər səsləndirilib.

 

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

 

Niyazi RƏHİMOV