Azərbaycan dili, coğrafiya və fizika fənləri üzrə mütəxəssislərin təqdimatları maraqla qarşılandı


Dövlət İmtahan Mərkəzi (DİM) yeni qəbul qaydaları ilə bağlı Quba şəhərində 6 oktyabr 2018-ci il tarixdə elmi-metodiki seminarlar keçirib.

 

Qurumdan “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva buraxılış və qəbul imtahanlarının yeni qaydaları haqqında məlumat verib və müəllimləri maraqlandıran sualları cavablandırıb. Daha sonra Azərbaycan dili, coğrafiya və fizika fənləri üzrə təqdimatlar olub.

 

Azərbaycan dili fənni üzrə seminarda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov buraxılış (9 və 11-illik təhzil bazaları əsasında) və qəbul imtahanlarında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqramlar haqqında məlumat verib, test tapşırığı nümunələri və qiymətləndirmə meyarlarından danışıb. 

 

BDU-nun dosenti Nərminə Seyfullayeva coğrafiya fənni üzrə seminarda qəbul imtahanında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqram haqqında məlumat verərək test tapşırığı nümunələri və qiymətləndirmə meyarları ətrafında çıxış edib. 

 

Fizika fənni üzrə seminarda Bakı Modern Təhsil Kompleksinin müəllimi Əlövsət Rəcəbli qəbul imtahanında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqram haqqında məlumat verərək test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.

 

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən cavablandırılıb.