Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, şairə Mahirə Hüseynova Naxçıvan Dövlət Universitetində olub.
Ədəbi-bədii kompozisiya formatında keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağında mütəmadi olaraq tanınmış elm adamları, ziyalılar, şairlərlə görüşlər keçirilir:” Bugünkü görüş ona görə dəyərlidir ki, universitetin qonağı həm elm xadimi, ziyalı olmaqla bərabər, eyni zamanda öz misraları ilə oxucu qəlbinə yol tapa bilən dəyərli şairə xanımdır”.
Tarix-filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarov qeyd edib ki, Dövlət Dil Komissiyasının üzvü, Ali Attestasiya Komissiyasının Filologiya və pedaqogika üzrə ekspert komissiyasının sədri və komissiyanın siyahısına daxil olan “Linqvistika problemləri” elmi jurnalının təsisçisi və redaktoru, bir çox beynəlxalq konfransların təşkilatçısı, Elm və Təşkilat komitəsinin üzvü, respublikanın bir çox nüfuzlu jurnallarının redaksiya heyətinin üzvü, elmi monoqrafiyalar müəllifi Mahirə Hüseynova, eyni zamanda 20-dən artıq şeir kitabının müəllifi, müasir qadın şairləri sırasında özünəməxsus yeri və imzası ilə seçilən, çağdaş ədəbiyyatımızda foklordan, canlı xalq danışıq dilindən qaynaqlanan ictimai və səmimi lirik şeirlər müəllifidir.
A.Ağalarov onu da əlavə edib ki, Mahirə Hüseynova, həmçinin “Qızıl qələm” və “İlin alimi” Media Mükafatı laureatıdır:”Mahirə xanım 30-dan çox elmi, 20 bədii kitabın və 1000-ə yaxın şeirin müəllifidir. 100-dən çox şeirinə musiqi bəstələnib”.
Tədbirdə professor Mahirə Hüseynova çıxış edərək səmimi qəbula görə öz minnətdarlığını bildirib. Qeyd edib ki, görüş onun yaradıcılığına göstərilən ən yüksək hörmətin ifadəsidir.
Tədbirdə Mahirə Hüseynovanın (Nağıqızı) yazdığı şeirlər, şeirlərinə bəstələnən mahnılar ifa olunub.
Sonda professor Mahirə Hüseynovaya xatirə plaketi, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun çəkdiyi portret təqdim edilib.