Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələrində 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbirlər keçirilib.

 

Təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Gününə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, şagirdlərin əl işlərindən ibarət sərgilər, bədii qiraət gecələri təşkil edilib. Həmçinin, rəsm, şeir, inşa, video müsabiqələri də həyata keçirilib.

 

BŞTİ-nin əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, məktəblərin pedaqoji kollektivinin, valideyn və şagirdlərin iştirak etdiyi tədbirlərdə təhsil sahəsində aparılan islahatlardan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə olan diqqət və qayğıdan, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan  addımlardan danışılıb. Ölkəmizdə müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu, o cümlədən, şərəfli peşə sahibi olan müəllimlərə hər zaman böyük hörmət və ehtiram göstərildiyi bildirilib.

 

Tədbirlərdə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən də söhbət açılıb. Çıxış edən müəllimlər yaradılan geniş imkanlardan bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün yüksək təhsilli və savadlı gənclər yetişdirmək üçün əllərindən gələni edəcəklərini söyləyiblər.

 

Həmçinin tədbirlərdə öz səmərəli fəaliyyəti ilə fərqlənən qabaqcıl müəllimlər təltif olunublar.

 

Şagirdlər müəllimlərə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.