Yubileyini uğurlarla qarşılayan məktəb


Yer kürəsini günəş nura necə  qərq edirsə, hər bir insanın  mənəvi dünyasını  da elm, bilik o qədər parlaq  edir. Bütün dahilər, mütəfəkkirlər, alimlər, şair və yazıçılar, bir sözlə, öz sənətinin mahir biliciləri qazandıqları nailiyyətlərə görə  öncə müəllimlərinə borcludurlar. Öz mənalı ömrünü şagirdlərinin mənəvi dünyalarının zənginləşməsinə sərf edən, elmi biliklərə yiyələndirməklə bərabər, onları parlaq şəxsiyyət kimi formalaşdıran  müqəddəs bir varlıqdır müəllim.

 

Haqqında söhbət açmaq istədiyimiz müəllim kollektivi də bu missiyanın daşıyıcısıdır. Onlar Bakının Yeni Günəşli qəsəbəsindəki Nadir Əliyev adına 282 saylı tam orta məktəbi təmsil edirlər. Məktəb 1988-ci ildə ilk şagirdlərini qəbul edib və bu günə qədər də nüfuzunu qoruyub saxlayıb.

 

Dərs saatı olduğu üçün məktəbdə sakitlikdir. Təxminən 40 dəqiqə sonra şagirdlərin tənəffüsə çıxacağı dəhliz sükuta qərq olub. Səhər saatları olduğu üçün heç dərsdən qaçmaq istəyən bir yana, dərsə gecikən şagird də gözümüzə dəymir... ya da, böyüklərin dediyi kimi zəmanə uşaqları peşəkardırlar.

 

Sakitlikdən istifadə edib məktəbin direktoru Camal Əlirzayevlə söhbətləşmək üçün otağına yollanırıq. Direktorun otağının qapısı açıqdır. İstər şagirdlər, istərsə də müəllimlər rahatlıqla direktorla ünsiyyət qura, problemlərini bölüşə bilərlər. Müavinlər də zarafatyana, buranı “açıq qapı” adlandırırlar.

 

“Ən yaxşı ümumtəhsil məktəbi”

 

Yubiley həyəcanını yaşayan Camal müəllim deyir ki, məktəb təkcə onun dövründə deyil, digər həmkarlarının dövründə də öncü­l­lüyü ilə seçilib: “Hər il qəbul prosesində şagirdlərin qəbul sayına görə fərqlənirik. Hətta məktəbimiz 2010-2011-ci ildə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub və 10 min manat məbləğində mükafat alıb. Son 12 ilin nəticələrinə görə, Dövlət İmtahan Mərkəzi bizim məktəbin Suraxanı rayonunda birinci yerə layiq görülməsi ilə bağlı məlumatı təsdiqləyib”.

 

Məktəb haqqında məlumat verən direktor deyir ki, 2017-2018-ci il tədris ilində məktəbdə 1358 şagird təhsil alıb və onlarla 161 müəllim məşğul olub. 11-ci sinfi 63 şagird bitirib, onlardan 54 nəfəri ali məktəbə sənəd verib, 47 nəfər isə daxil olub. 3 nəfər 600, 10 nəfər 500-dən yuxarı bal toplayıb.

 

“Məktəb millətin müdriklik ocağıdır”

 

Məktəbdə keçirilən tədbirlərə nəzər yetirdikdə diqqət etdiyimiz xüsusi məqam, şagirdlərin vətənpərvər ruhda tərbiyə edilməsidir. Direktor vurğulayır ki, hər bir məktəbin və müəllimin borcu ilk olaraq vətənpərvər şagird yetişdirməkdir: “Məktəb millətin müdriklik ocağıdır. Məktəb xalqın mənəvi beşiyidir. Məktəbdə təkcə yazıb-oxumağı, hesablamağı və müxtəlif elmlərin sirlərini öyrətmirlər, məktəb həm də insan üçün həyat dərsidir”.

 

Qapının açıq olmasına gəldikdə isə direktor deyir ki, məktəb demok­ratik prinsiplər əsasında idarə olunur: “Vəzifə səlahiyyətlərinə uyğun olaraq, şagirdlərlə dost münasibəti qururuq. Müasir təhsilin ən böyük əlamətlərindən biri də şagirdlərlə müəllimlər arasında səmimi ünsiyyətin qurulmasıdır. Təlim prosesində şagirdləri dinləyir, onların hüquqlarına hörmətlə yanaşırıq. Çalışırıq ki, tədris prosesində müəyyən ardıcıllığı gözləyək və onları lazımi bilik səviyyələri ilə təmin edək”.

 

“İndiki şagirdlər çox hazırlıqlı və dünyagörüşlüdürlər”

 

Direktor müavini Həlimə Ələk­bə­rovanın karyerası məktəblə yaşıddır. Məktəbin ilk günlərindən burada işləyib. 30 il əvvələ qayıtdıqda deyir ki, indi müəllimlərin, şagirdlərin, valideynlərin baxışı dəyişib: “Əvvəl valideynin dediyi fikirlərlə müəllimin sözü üst-üstə düşürdü. İndikilər isə müəllimlərlə razılaşmırlar. Etiraf edək ki, indiki şagirdlər çox hazırlıqlı və dünyagörüşlüdürlər. Bəzi hallarda müəllimlərin bilmədiyini, uşaqlar bilir”.

 

Direktor Camal Əlirzayev təsdiqləyir ki, indi təkcə şagird yox, müəllim də öyrənir: “ Hər iki tərəf - istər şagird, istər müəllim bir-birindən qidalanır”.

 

Məktəbi gəzərkən üzərinə əl yazısı ilə yazılar qeyd olunan bayraq diqqətimizi çəkir. Bu bayrağın tarixçəsi çox təsirlidir. Məktəbin informatika müəllimi Gülər Musayeva “12056 şəhidimizin adı bir bayraqda” şüarı ilə şəhidlərin adlarını şagirdlərlə birlikdə araşdırıb və bayrağın üzərinə yazıblar: “Mənim ailəmdə iki şəhid olub. Atam, qardaşım Qarabağ veteranıdır. Fikirləşdim ki, şəhidlərə borcu­muzu necəsə qaytarmalıyıq. Şəhidlərin sayını araşdırdıq. Uşaqlar onları topladılar və mənə göndərdilər. Şagirdlər özləri tənəffüs vaxtı gəlib, qələmlə şəhidlərin adlarını bayrağa yazırdılar”.

 

Həmsöhbətimiz deyir ki, müəllimin əsas vəzifəsi vətənini sevən şagird yetişdirməkdir: “Mənim üçün əsas vətəndaş yetişdirməkdir. Əgər şagird vətənini sevən vətəndaş deyilsə, onun biliyi mənə lazım deyil. Çünki o biliklə insanları məhv edən nəsə düzəldə bilər. Amma vətənini, millətini sevən insan bunu etməz”.

 

“Bu sinfə girəndə rahatlıq tapıram”

 

Məktəbin özəlliklərindən biri də odur ki, internat məktəbinin şagirdlərinin burada sinfi var. O sinfə Azərbaycan dili, ədəbiyyat fənnini Xanım Muxtarova tədris edir. Söhbət üçün Xanım müəllimin sinfinə gedirik. Kənardan müşahidələrimiz zamanı məlum olur ki, Xanım müəllim qayğıya ehtiyacı olan uşaqlara təkcə bilik vermir, həm də ana kimi nazlarını çəkir. Müəllim deyir ki, bu uşaqlar həyatdan aldığı zərbənin aqressiyasını ətrafdan çıxardıqları üçün çox insan onlarla yola gedə bilmir: “2003-cü ildən bu məktəbdə işləyirəm. Hazırda uşaq evlərindən gələn şagirdlərə dərs deyirəm. Mənim üçün haradan gəlməyindən asılı olmayaraq, şagird şagirddir. Qarşılıqlı mehriban, isti münasibətlərimiz var. Bəzi dərslərimiz onlara məsləhətlərlə bağlı olur. Özlərinə də tapşırmışam ki, nə çətinliyiniz olsa, kömək etməyə hazıram. Onlara fərq qoymadan yanaşıram. Bu sinfə girəndə rahatlıq tapır, onlar öyrənəndə qürurlanıram. Düzdür, dəcəl uşaqlardılar, amma onlarla ünsiyyətdə olduqda sinifdən çıxmaq istəmirsən. Qayğı göstərəndə, ikiqat əvəzini verirlər. Şagirdlərimlə ana, bala kimi münasibətdəyəm. Uşaqlarla bağlı o qədər danışıb, düşünürəm ki, gecə yuxuma girirlər. Mənim qazancım isə onların da məni sevməsi və problemlərini mənimlə bölüşməsidir”.

 

“Dərsin ortasında topla oynamaq istəyirəm”

 

Dərs vaxtı bir şagird diqqətimizi çəkir. Adı Toğruldur. Yerində dayanmır. Hiss edirik ki, elə sinfin şıltağı odur. Dəhlizə qaçmaq üçün zəngin vurulmasını səbirsizliklə gözləyir: “45 dəqiqə darıxıram və tənəffüsləri çox sevirəm. Mək­təbdə səlahiyyətim olsa idi, sinifdə dərs vaxtı topla oynamağa icazə verərdim. Bəzən onu incitsəm də, Xanım müəllim bizə ana kimidir. O məni çox istədiyi üçün, mən də onu çox istəyirəm”.

 

Toğrul hərbçi olmaq istəyir: “Səhər dərsə gələndə əziyyət çəkdiyim üçün dərslər axşam olsa, yaxşı olardı. Məktəbi bitirdikdən sonra isə hərbçi olub, vətən keşiyində dayanmaq istəyirəm”.

* * *

Məktəb o qədər doğma, münasibətlər o qədər istidir ki, orada nə mövzu bitər, nə də söhbət... 30 il az müddət deyil. Bu illərdə qazanılan uğurların hər biri ayrılıqda qələmə alınasıdır. Məcbur qalıb, onlarla xudahafizləşirik. Növbəti yubileylərə qədər daha böyük nailiyyətlərə imza atacaqlarına inamla.

 

Aygün ƏZİZ