“Rəqəmsal bacarıqlar” pilot layihəsinin əhatə dairəsi genişləndirilib
2017-2018-ci tədris ilinin ən uğurlu layihələrindən biri - “Rəqəmsal bacarıqlar” pilot layihəsinin əhatə dairəsi genişləndirilib. Ötən tədris ilində layihə Bakı şəhərində 45 məktəb üzrə 6500 şagirdi əhatə edirdisə, artıq Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb və 26000 şagird bu layihəyə cəlb olunub.
Məlumat üçün qeyd edək ki, layihə informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə keçirilir. “Alqoritmika” şirkəti ölkəmizdə “Alqoritmika Azərbaycan” MMC kimi qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. Məzmunun tərcüməsi, yerli standartlara uyğun adaptasiyası və başqa işlərin görülməsi üçün elm və təhsilin bir sıra istiqamətləri üzrə 30-a yaxın yerli mütəxəssis işə cəlb edib.
Dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.
Layihə çərçivəsində informatika fənninin tədrisinin təkmilləşdirilməsi yolu ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur.
Müəllimlər üçün xüsusi hazırlıq
Bakıdakı 65 məktəbdə 23500 şagird, Gəncədə 6 məktəbdə 2500-ə yaxın şagird artıq informatika fənnini yeni formatda öyrənir. Onların fənni daha yaxşı mənimsəməsi üçün bütün tədbirlər görülüb. Layihə çərçivəsində dərs deyən 250-yə yaxın müəllim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) nəzdində ixtisasartırma təlimlərinə cəlb olunub. TİPİİ-nin direktor müavini, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, müəllimlər üçün iki cür ixtisasartırma təlimləri keçirilib. Onlara həm fənnin yeni məzmunu, həm də müəllimlərin İKT üzrə səriştəsini artırmaq üçün təlimlər təşkil edilib.
Layihə ötən ilin sentyabr, noyabr və fevral ayında mərhələlərlə başlayıb. İlk mərhələdə yarana biləcək problemlərin qarşısının alınmasında İKT bacarığı olan müəllimlər fəal iştirak ediblər: “Keçən il layihəyə cəlb etdiyimiz yüksək İKT bacarığı olan ayrı-ayrı fənn müəllimləri ilin sonunda yüksək nəticə göstərdiklərindən onların bu il də 60-70 nəfəri tədris aparmağa davam edəcək. Buna baxmayaraq, prioritetimiz informatika fənni müəllimləridir”.
Bu il layihəyə cəlb edilən müəllimlər 2018-ci ildə keçirilən müəllimlərin işə qəbulu imtahanlarının iştirakçıları arasından da seçilib: “Bu il üçün hazırlığa daha çox vaxtımız vardı. Ötən il layihədə 150-yə yaxın müəllim iştirak edib.
Bu il müəllimlərin sayı 250 nəfərə çatıb. Yəni, bu il layihəyə əlavə olaraq 100 müəllim də cəlb edilib. Həmin müəllimlərin 20-30 faizi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlər sırasından seçilib”.
F.Qurbanovun sözlərinə görə, İnformatika müəllimliyi ixtisası üzrə kadr hazırlığı həyata keçirən ali və orta ixtisas təhsili müəssisələri ilə fəal iş aparmaq da nəzərdə tutulub: “Rəqəmsal bacarıqlar məzmununun pedaqoji tərəfini təhsil müəssisələrinin kurikulumlarına, tədris proqramlarına daxil edəcəyik. Bu istiqamətdə danışıqlar gedir”.
Gələcəkdə başqa fənn müəllimlərinin olmasa da, İT mütəxəssislərinin pedaqoji heyətə qatılması da gözləniləndir: “Təhsil haqqında” qanunda aparılan dəyişiklik artıq imkan verir ki, pedaqoji təhsili olmasa da, mütəxəssisləri öyrətmə prosesinə cəlb edək”.
26 min şagirdin hər birinin internetə çıxışı təmin olunur
Layihənin uğurla tətbiq edilməsi üçün böyük infrastruktur işləri də görülüb. Təkcə bu il 100 yeni kompüter otağı istifadəyə verilib, həmin otaqlar 1000-ə yaxın müasir kompüterlə təchiz edilib. Ümumiyyətlə, bu günədək “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 71 məktəb üzrə 230 kompüter sinfi qurulub. Layihə başlayandan bəri 2500-ə yaxın müasir kompüter şagirdlərin istifadəsinə verilib. Onların dərs zamanı fərdi işini kompüterdə görə bilməsi üçün tam şərait yaradılıb. F.Qurbanov deyib ki, 26 min şagirdin hər birinin internetə çıxışı var: “Siniflərin Azərbaycan Təhsil Şəbəkəsinə yüksək sürətli internet bağlantısı təmin edilib. Şagirdlərin fərdi hesablar üzərindən iş görməsi, müəllimin dərsi izah etməsi üçün kompüter, proyektor, interaktiv lövhələr təmin edilib”.
“Rəqəmsal bacarıqlar” Gəncədə
Layihədə ən böyük yenilik onun Bakının sərhədlərini aşması və Azərbaycanın digər şəhər və rayonlarına doğru genişlənməsidir. Artıq qeyd etdiyimiz kimi, Gəncə şəhərində yerləşən 6 məktəb layihəyə qoşulub. Təhsil naziri Ceyhun Bayramov da Gəncədə olub və şəhər 4 nömrəli tam orta məktəbində Azərbaycan və rus bölməsindən ibarət VI sinifdə rəqəmsal bacarıqlar layihəsi üzrə dərsin gedişini izləyib.
2018-2019-cu tədris ilində Gəncə şəhərində 76 sinif üzrə 2500 şagirdə 24 informatika fənni müəllimi tərəfindən yeni məzmun üzrə dərs keçirilir. Rəqəmsal sistemin uğurlu tətbiqi üçün məktəblərdə İKT infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib. 21 yeni kompüter otağı istifadəyə verilib, həmin otaqlar 300 ədəd noutbuk, proyektor, elektron lövhə və yüksək sürətli internet bağlantısı ilə təmin olunub. Gəncə şəhərində də həm rus, həm də Azərbaycan bölmələri üzrə 5 və 6-cı siniflərdə informatika dərsləri hesabına rəqəmsal bacarıqlar layihəsi icra olunur.
Gəncədə fənn müəllimlərinin xüsusi fəallığını qeyd edən F.Qurbanov kifayət qədər yüksək nəticələr müşahidə edildiyini vurğulayıb: “Həm müəllimlər, həm də şagirdlər layihəyə maraq göstəriblər. Müəllimlərin İT bacarığını isə gözlədiyimizdən yüksək qiymətləndirmək olar. Belə ki, Gəncədə müəllimlər kifayət qədər yaxşı nəticələr göstəriblər. Elə şagirdlərlə bağlı da rəylər müsbət yöndədir. İlk 3 həftə ərzində dərslərdə xüsusi bir çətinlik müşahidə edilməyib”.
“Rəqəmsal bacarıqlar” layihəsi sadəcə əhatə dairəsini genişləndirmir, həm də məzmununu dərinləşdirir. Başqa sözlə, şagirdlərin istifadə edəcəyi proqramlar təkmilləşdirilir, zənginləşdirilir. Məsələn, bu yay ərzində məktəblilər üçün ən məşhur proqramlaşdırma mühiti sayılan “Scratch 3.0” (son versiyası) Azərbaycan dilinə tərcümə olunub.
Bu il həmçinin, bütün ölkə ərazisində “Kod Saatı” tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Tədbirin keçirilməsində məqsəd iştirakçılarda İT ilə əlaqədar olan peşə sahələrinə marağı artırmaqdır. Qeyd edək ki, “Kod Saatı” dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə və şagirdi əhatə edən qlobal bir təşəbbüsdür.
Layihənin uğuru onun davamlılığını şərtləndirir
F.Qurbanovun sözlərinə görə, ötən bir il ərzində aparılan müşahidələrdən belə qənaət hasil olub ki, 6500 şagirdin hamısı yüksək nəticələr göstərib. Nəticədə pilot layihə olaraq “Rəqəmsal bacarıqlar”ın növbəti mərhələsinə start verilib. Bu il layihədən daha yüksək nəticələr gözlənilir: “Layihəyə cəlb edilən uşaqların sayı 4 dəfə artıb. Bu gedişlə layihə bütün ümumtəhsil sistemində I-XI sinifləri tamamilə əhatə edəcək”.
Ruhiyyə Daşsalahlı