Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə turnirə yekun vurulub. 
 

Final qarşılaşmasında III yer uğrunda Bakı Dövlət Universiteti Gəncə Dövlət Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasını məğlub edərək çempionatın qalibi olub. 
 

Oyunlardan sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş futzal yarışlarının bağlanış mərasimi keçirilib. 

 
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, AHİK və AFFA-nın rəsmi şəxsləri, veteran futbolçular, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 
 

Bağlanış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin idmanın inkişafındakı müstəsna rolundan, ölkəmizdə bu sahəyə olan dövlət qayğısından danışıb. Firudin Qurbanov müasir dövrdə ölkə prezidenti İlham Əliyevin idmana olan diqqəti sayəsində respublikamızın artıq idman ölkəsi kimi dünyada layiqli yerini tutmasını qeyd edib. Bu yarışın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliğində, perspektivli idmançıların aşkar edilməsində xüsusi rol oynadığını, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib. 

 
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev gənclər və idman siyasətinin Azərbaycan dövlətinin prioritetlərindən biri olduğunu vurğulayaraq gənclərimizin fiziki cəhətdən sağlam, vətənpərvər ruhda yetişməsində idmanın, bədən tərbiyəsinin kütləviliyinin rolunu xüsusi qeyd edib. 


 
Çıxışlardan sonra I, II, III yerləri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Turnirdə fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub. 


 
Qeyd edək ki, futzal yarışları Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.