Oktyabrın 4-də Cəlilabad və Masallı rayonlarına mediatur təşkil olunub. Mediaturun keçirilməsində məqsəd 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində yüksək balla cari tədris ilində işə qəbul olunan müəllimlərlə görüşmək, eləcə də bu bölgələrdə yeni inşa edilən modul tipli məktəblərlə tanış olmaqdır.
Əvvəlcə mediatur iştirakçıları Cəlilabad rayonunda yeni istifadəyə verilən Fərzili kənd ümumi orta məktəb ilə tanış olublar. Məktəbin direktoru Fuad Babayevin verdiyi məlumata görə, məktəb 6 sinif və 1 müəllimlər otağından ibarətdir. 73 şagirdin təhsil aldığı məktəbdə 19 müəllim çalışır. Müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilən təhsil müəssisəsində 1 məktəbəhazırlıq qrupu, 9 sinif komplekti fəaliyyət göstərir. Ümumilikdə Cəlilabad rayonunda artıq 5 modul məktəb istifadəyə verilib, 10 belə məktəb isə bu tədris ilində təhvil veriləcək.
Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.
Daha sonra iştirakçılar Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə yeni tədris ilində işə qəbul olunan müəllimlərlə görüşüb. Media nümayəndələrinə məlumat verilib ki, bu il müsabiqədən uğurla keçən 87 nəfər gənc müəllim rayonun ümumi təhsil müəssisələrində fəaliyyətə başlayıb. Həmin müəllimlərdən 6 nəfəri isə Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə çalışır.
Sonra media nümayəndələri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbə yüksək balla yeni işə qəbul olunan Əli Alışlının, Rəfail Əzimovun, Araz Şahverdiyevin, Pərvin Babayevanın, həmçinin Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbdə Aytac Kazımlının dərs prosesini izləyiblər.
Qeyd edək ki, son illərdə müəllim peşəsinin nüfuzu getdikcə artmaqdadır. 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd elektron ərizə ilə müraciət edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclərin müəllimlik ixtisasını seçməsi halı çoxalıb. Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.
2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir.