Naxçıvan Dövlət Universitetinin NSUTECH komandası “Robotex Türkiyə 2023” festivalında I yerə layiq görülüb.

 

Universitetdən bildirilib ki, dünyanın ən böyük robototexnika festivalı və Estoniyanın Türkiyədə keçirilən illik möhtəşəm tədbiri olan Robotex turnirləri bu il Türkiyənin Antalya şəhərində keçirilib.

 

Azərbaycanı Naxçıvan Dövlət Universitetindən göndərilən və tərkibində memarlıq və mühəndislik fakültəsinin meliorasiya və ekologiya kafedrasının müəllimi Hüseyn İmanov, “Ekologiya mühəndisliyi” ixtisası üzrə II kurs tələbəsi Abdulla Kərimli, “Marketinq” ixtisası üzrə III kurs tələbəsi Elsun Cəfərli, “Əczaçılıq” ixtisası üzrə III kurs tələbəsi İslam İsmayılov və “Tibb” ixtisası üzrə II kurs tələbəsi Əli Ələkbərlinin olduğu 5 nəfərdən ibarət "NSUTECH" komandası təmsil edib və "Sahibkarlıq mübarizəsi-Universitet" kateqoriyası üzrə 1-ci yeri tutaraq "Sağlamlıq elmləri və texnologiyaları" və "Proqram texnologiyası" mükafatına layiq görülüb.

 

Qeyd edək ki, dünyanın ən böyük robototexnika festivalında 35 min iştirakçı hazırladığı 1750 robotla müxtəlif yarışlar üçün robotlar yaratmaq və qabaqcıl yenilikləri öyrənmək üçün bir araya gəlib.

 

“Robotex Türkiyə 2023” sezonunda bir neçə ölkənin, o cümlədən, Azərbaycan,Türkiyə, Estoniya, İran və digər ökələrin komandalarının iştirak etdiyi, 3 ayrı bölgədə bütün kateqoriyalar üzrə zorluq, texniki səviyyə, yaşdan asılı olmayaraq hamının iştirakına açıq olan və “Başlanğıc”, “Orta səviyyə”, “Qabaqcıl“, “Qızlar kateqoriyası“, “Sahibkarlıq mübarizəsi”, ”Dron”, "Su yarışı" kateqoriyalarına bölünən turnirlərdə uğur qazanan komandalar Türkiyə Çempionatına dəvət alıb.

 

Naxçıvan Dövlət Universitetinin göndərdiyi komanda mühəndislər, menecerlər və onların ailələri ilə sənaye liderlərindən ilham almaq, yeni sahibkarları müşahidə etmək, müxtəlif yarışlar üçün robotlar yaratmaq və qabaqcıl yenilikləri öyrənmək üçün bir araya gələrək, birinciliyi qazanıb və Estoniyada Azərbaycanı təmsil etmək şansı əldə edib.