“Azərbaycan elmi və təhsili müasir ideyaların, məhsuldar tədqiqat üsullarının, səmərəli axtarışların generatoruna çevrilməlidir”.

 

Heydər ƏLİYEV

 

Söz önü: Məzmun və mündəricə baxımından elm və tədris fənninin vəhdətini təmin edən, pedaqoji fəaliyyətin söz və hikmət dünyasını zənginləşdirməyə rəvac verən pedaqogika hamı üçün elmdir. Onun bəhrəsindən ailə, məktəb, ictimaiyyət və istehsalat birlikləri əlbir fəaliyyət əsasında, ənənə və müasirlik nümunəsində həmişə aktual, peşəkar mənada faydalı bir mənbə olaraq ideal nailiyyətlər uğrunda mübarizə yollarında qiymətli mədəni irs kimi istifadə etmişlər. Pedaqogikanın hamı üçün elm olduğunu sübut etməyin düsturnamələri çoxdur.  Gündəlik problemlərdən tutmuş, həlledici həyat hadisələrinə qədər onun “möcüzəsindən” hər zaman insan övladı faydalanmış, öz peşəkarlığını bu nəcib və şərəfli elmin prinsipləri zəminində mükəmməlləşdirmişdir. Məktəb və pedaqoji fikir tarixində keçmişdən bizə miras qalan milli-mənəvi irsin, ümumbəşəri dəyərlər sisteminin cəmiyyət həyatında oynadığı möhtəşəm xidmətin insan şəxsiyyətini formalaşdırmaqda bu qüdrətli elmin qaynaqlarından, sanballı məxəzlərindən istifadə təcrübəsi həmişə orijinal və novator ideyalarla ehtiva olunmuşdur. Pedaqogika əvəzolunmaz dərəcədə həyati məzmun daşıyaraq, insanda iradə tapmaqda, böyüməkdə olan nəslin ideya-mənəvi hazırlığında da yetərincə böyük rol oynamışdır. Xüsusən, bu elm klassik fikir mücahidlərimizin ideyalarından təşnə tapan öyüd və nəsihətlər yolu ilə milli yaddaşımıza maarifləndirici savad təlimi fütuhatı bəxş etmişdir. 

 

Qətiyyətlə demək olar ki, pedaqogikanın hamı üçün elm olduğunu təsdiqləyən fikir və mülahizələr bütün tarixi dövrlərdə öz mötəbərliyini saxlamış, zamanın bütün dolaylarında sosial-mədəni inkişaf platforması üçün möhkəm təməl bazasına çevrilmişdir. Onun bir elm olaraq güc və siqləti geniş mənada, proqnozlaşdırma nəzəriyyəsi və praktikası ilə hasilə gəlirsə, dar mənada tutumu isə bu sahə üçün intensiv amil olan qanun və qanunauyğunluqların düzgün müəyyənləşdirilməsindən, bu yolda insanın tərbiyəsini, təhsilini, psixoloji inkişafını təmin edib aktivləşdirməyin təməlini qoymaqdan boy alır.

 

Pedaqogika, həm də ictimai-humanitar elm sahəsi olduğundan o, arzulanan bütün sferalarda ictimai inkişaf proseslərini sürətləndirmiş, insan şəxsiyyətinin formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Bu kontekstdən bütün xalqlar arasında müəyyən təcrübəyə, multikultural keyfiyyətlərə, adət və vərdişlərə yiyələnən, əsl insan yetişdirməyin mənəvi keyfiyyətlər sistemini müəyyənləşdirən pedaqogika ümumxalq və ümumdövlət səviyyəli sosial-mədəni dəyərlərin pardaqlanması üçün də başlıca zəmin olmuşdur.

 

Bu qədim elmin inkişaf dinamikasını nəzərdən keçirərkən bir daha yəqinliklə əmin olursan ki, hər bir insanın şəxsiyyət kimi püxtələşməsi üçün mövcud təbii potensialı vardır. Yəni bu elm hamının hər sahədə real bilik və bacarıqlarını, intellekt səviyyəsini və yüksək zəka mədəniyyətini cilalamaqda aparıcı yadro olub, daima uzaq hədəflənməyə tuşlanmışdır. Odur ki, mənbəyini ailə, məktəb və ictimaiyyət birliyindən, məzmununu milli, ümumbəşəri və dini-mənəvi dəyərlər inteqrasiyasından, metodologiyasını isə insan, təbiət və cəmiyyət vəhdətindən götürən pedaqogika bu prioritet istiqamətləri bütün tarixi mərhələlərdə perspektiv nəticələrlə qoruyub saxlamışdır.

 

Müasir anlamda pedaqoji proses haqqında elm olan pedaqogika təlim-tərbiyənin qanunauyğunluqlarını və prinsiplərini mənimsəməkdə ailəyə, məktəbə və ictimaiyyətə səmərəli texnologiyalardan istifadə yolu ilə öz təsirini göstərir, bu işdə müəllimə, valideynə və digər sosial zümrəyə öz dəstək və mənəvi yardımını genişləndirməkdə yeni münasibətlər sistemi qərarlaşdırır. Cəmiyyətin inkişaf tərəqqisində məhz pedaqogika öz mütərəqqi təsirini mütəmadi olaraq təkmilləşdirməklə bu prosesin daha sürətlə getməsinə rəvac verir. Həmin istiqamətdə təşəkkül tapan pedaqogika elmində isbat olunmuş məsələləri fənn təlimi məzmununa gətirmək səyi də uğurlu və nəcib təşəbbüs sayılmalıdır.

 

...Elə bu günlərdə işıq üzü görən “Ümumi pedaqogika” adlı dərs vəsaitində də insan arzuları və istəkləri ilə hasilə gəlmiş kitabda pedaqoji əfkarımız üçün çox dəyərli nümunələr öz əksini tapmışdır. Məhsuldar fəaliyyətin nəticəsi olaraq işıq üzü görmüş bu kitabın araya-ərsəyə gəlməsində böyük bir yaradıcı kollektivin missiyasından ürəkdolusu danışmaq olar. Bu istiqamətdə pedaqoji fakt və hadisələrin elmi təhlilini ənənə və müasirlik vəhdətindən ümumiləşdirən kitabın “dərs vəsaiti” statusu ilə oxucuya təqdim olunması da yüksək peşəkarlığın və müdrik yanaşmanın nəticəsidir. Bu fundamental tədqiqatın hazırlanmasında, strateji hədəflərinin müəyyənləşdirilməsində xüsusən, Azərbaycan Universiteti ilə Bakı Elm və Təhsil Mərkəzinin, Bakı Biznes Universitetinin, Təhsil İnstitutunun yüksək səy və qayğısını böyük qürur hissi ilə qeyd etmək lazımdır.

 

“Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 noyabr 2008-ci il tarixli 1266 saylı əmri ilə təsdiq edilmiş, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Gəncə Dövlət Universitetinin metodik Şuraları tərəfindən bəyənilən, Naxçıvan Müəllimlər İnstitutu və Azərbaycan Təhsil İnstitutu tərəfindən tövsiyə edilən “Pedaqogika”, “Pedaqogika tarixi”, “Müqayisəli pedaqogika”, “Korreksiya pedaqogikası”, “Didaktika”, “Tərbiyəşünaslıq” adlı dərslik və dərs vəsaitləri əsasında hazırlanmışdır”.

 

Kitabın elmi redaktoru Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, pedaqogika üzrə elmlər doktoru, professor, mərhum Oruc Həsənli; rəyçiləri Əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru, professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Akademiyanın akademiki Fərrux Rüstəmov, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Akif Abbasov, psixologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyev, pedaqogika üzrə elmlər doktoru, professor Seyran Mirzəyev və redaktoru Suriyyə Sadıqova olan dərs vəsaitində pedaqoji elmlər sisteminə daxil olan məktəbəqədər pedaqogika, məktəb pedaqogikası, ali məktəb pedaqogikası, müqayisəli pedaqogika, musiqi pedaqogikası, korreksiya pedaqogikası sistem halında öz əksini tapır. Dərs vəsaitindən bakalavr və magistr pilləsində təhsil alanlarla yanaşı, elmi işçilər, doktorantlar, ali məktəb müəllimləri və elmi-tədqiqatla məşğul olan mütəxəssislər istifadə edə bilərlər.

 

Onu da qeyd edək ki, yaradıcılıq ampulasında öz dəsti-xətti, üslub manerası, professional səriştəsi, geniş spektrli intellekt səviyyəsi və dərin zəka mədəniyyəti olan həmkarımız, pedaqoji elmlər doktoru, professor Fərahim Balakişi oğlu Sadıqov tərtibat prinsipi baxımından yazdığı bütün əsərlərində kreativ düşüncəni, tənqidi təfəkkürü, bədii-estetik ümumiləşdirməni ön plana çəkməklə, fikir və mülahizələrində analitik təhlil yolunu, müqayisəli metodikanı, humanist pedaqogikanı yenilik ruhu ilə “Ümumi pedaqogika” bütövlüyündə ümumiləşdirmişdir.

 

Bir incə mətləbi də qeyd etmək yerinə düşər. Professor Fərahim Sadıqovun “Ümumi pedaqogika” yaratmaq ideyası məhz ilk olaraq onun təşəbbüsü və səyi ilə araya-ərsəyə gətirilmişdir. Pedaqoji aləmdə yüksək siqləti, yaradıcı fütuhatı olan müəllifin bu nəcib və şərəfli təşəbbüsü ona ölkə ictimaiyyəti arasında böyük nüfuz qazandırmışdır. Bunu ayrı-ayrı təlim-tərbiyə müəssisələrində keçirilən təqdimat və müzakirələr də bariz şəkildə nümayiş etdirir.

 

Ümumiyyətlə, mövcud elmlər sistemində unikal sahə olan pedaqogikanın yeni reallıqlarını dərk etməyin metodologiyasını və texnologiyasını çox yaxşı bilən kitab müəllifi “Ümumi pedaqogika” problematikasının qoyuluşunu, onun ümumişlək təsir parametrlərini zəngin faktoloji materiallar əsasında, tədqiqi axtarışlar yolu ilə arayıb-araşdırmış, pedaqoji fəaliyyət üçün zəruri olan sınaq-yoxlama testlərindən, təcrübi-eksperimental müşahidə reallıqlarından faydalanmaqla öz məqsədinə ciddi sosial-mədəni rakursdan nəzər-diqqət yetirmişdir. Müəllif bu münasibətlə çox haqlı olaraq qeyd edir ki, “Müstəqillik qazandığımız hazırkı şəraitdə yetişən nəslin bir şəxsiyyət kimi formalaşmasından, təlim-tərbiyə, təhsil, habelə məktəbin idarə olunmasından bəhs edən “Ümumi pedaqogika” adlı dərs vəsaiti pedaqoji kadr hazırlığı işi ilə məşğul olanlar üçün ən zəruri mənbələrdən biri kimi hesab olunur. Yeni üslubda hazırladığımız bu dərs vəsaiti əsasən çoxballı qiymətləndirmə, kredit bal sistemi və transfer üsulu ilə işlələyən ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur. Sadəliyi, konkretliyi, lakonikliyi və elmi sanbalı ilə seçilən mövzuların hər biri çoxballı qiymətləndirmə sistemi üçün nəzərdə tutulan testləşdirmə mətnlərinin suallarına cavab vermək, tələbələrə kömək etmək baxımından önəmli sayılan dərs vəsaiti olmaqla bərabər, həm də ESSE yazmağa istiqamət vermək baxımından dəyərlidir”.

 

Müəllif elmi axtarışlar yolu ilə “Ümumi pedaqogika”ya müncər olunan digər pedaqoji elmlər sisteminin mahiyyətini də yetərincə aşkarlamış, problemləri didaktik strukturlaşdırma və məntiqi ardıcıllıq baxımından yüksək effektiv nəticələrlə hasilə gətirmişdir.

 

Xüsusən, pedaqoji gerçəkliklərə istinad imkanları, tənqidi münasibət tərzi, müxtəliflik nəzəriyyələri müəllif tərəfindən yeni, innovativ çalarlarla təhlil-tərkib edilmişdir.

 

Kitabın hamı üçün aydın və anlaşıqlı bir zəmində olması da təqdirlidir. Bütövlükdə ümumi pedaqogikaya aid olan məfhumların, kateqoriyaların, anlayışlarn mahiyyətini açıqlamaq cəhdi müəllifin çox yüksək uğurudur. Bu yönümdən pedaqogikanı həm elm, həm də tədris fənni olaraq müqayisəli spektrdən təhlil etmək amalı da müəllif tərəfindən nəzərə alınmışdır.

 

Əlbəttə, əsərə daxil edilmiş interaktiv təlim üsulları, açıq fikir və mülahizə plüralizmi, distant təhsil, pedaqoji innovasiyalar, yeni pedaqoji texnologiyalar kimi aktual tendensiyaların vurğulanması da kitabın dəyərliliyini artırır.

 

Novator və orijinal ideyalara konseptual yanaşma, obyektiv təhlil etmə prinsipindən şərh verən müəllifin tənqidi mülahizələri də çox maraqlı və səmərəlidir. “Ümumi pedaqogika” tutumunda ənənəvi və müasir biliklənməyə rəvac verən yeni məsələlərin izahlı şərhi: Azərbaycan təhsilinin Qərb təhsilinə inteqrasiya olunması problemləri önəmli sayıldığı üçün bu sahədə mübahisələrin də yaranacağı istisna olunmur. Xüsusən “Didaktika”nın pedaqoji proses təcrübəsində məna tutumunu, onun gah nəzəriyyə, gah da tədris fənninin bir sahəsi kimi təqdim olunmasına olan münasibətlərdə, həmçinin təlimdə müqayisə üsulundan geniş istifadə olunmamasına aid tənqidi düşüncələrini dəyərli yanaşma mövqeyindən başa düşmək lazımdır. O, bu sahədə mövcud məsələyə birmənalı olaraq belə şərh verir: “Azərbaycanda didaktikanın inkişafı, təşəkkülündə yuxarıda adları çəkilən pedaqoq alimlərin, mütəfəkkirlərin ideyalarının, müddəalarının, tövsiyələrinin və konsepsiyalarının mühüm rolu olsa da onun bir müstəqil elm kimi formalaşması haqqında konkret bir fikir söyləmək olmaz. Çünki respublikamızda “Didaktika” həmişə pedaqogikanın bir bölməsi kimi təqdim edilmişdir. Baxmayaraq ki, 70-90-cı illərdə (ötən əsrin - V.B.) yeni başlamış əsrimizin əvvəlində rus alimləri məktəb didaktikasını, ali məktəb didaktikasını müstəqil elm sahəsi kimi formalaşdırmağa ciddi səy göstərmiş, hər iki sahəyə dair dərslik və dərs vəsaitləri hazırlamışlar. Maraqlısı odur ki, Moskvada didaktika sahəsində çap olunan əsərlər içərisində surdodidaktika, tiflodidaktika və oliqofren didaktikalarına da rast gəlmək olar”.

 

Professor Fərahim Sadıqovun “Yeni nəşrlər” seriyasından olan “Ümumi pedaqogika” kitabı bütövlükdə bu elmin təşəkkülünü, milli yaddaşımıza verdiyi töhfəni birmənalı olaraq zənginləşdirməyə xidmət edir. İnanırıq ki, 7 bölmə və fəsildən ibarət “Ümumi pedaqogika” kitabı yüksək elmi-pedaqoji nəzəriyyələri ilə fərqlənən dərs vəsaitidir. Bu kitab uzunmüddətli pedaqoji müşahidələrin, psixoloji düşüncələrin məhsulu olaraq müasir model əsasında bütün təhsil-tərbiyə şəbəkələrində tətbiq olunmağa layiq qiymətli mənbə kimi qədirbilən oxucuların da stolüstü kitabına çevriləcəkdir.

 

Ən nəhayətdə, Azərbaycanın elm və təhsili yolunda əvəzedilməz rol oynayan “Ümumi pedaqogika” dərs vəsaiti bu qəbildən olan gələcək layihələrin  hazırlanıb həyata keçirilməsində də öz möhtəşəm təsirini göstərəcəkdir.

 

Bunu isə bizdən həyatın özü tələb edir.

 

Vidadi BƏŞİROV,

Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru