Azərbaycanlı gənc Almaniyada növbəti uğura imza atdı


Gənc nəslin elmi-texniki sahədə inkişafına dəstək vermək məqsədilə dünyadakı texnoloji yeniliklərin elmdə tətbiqinə əsaslanan layihələrdən biri də dünyanın bir sıra ölkələrində keçirilən “FameLab” (Şöhrət Laboratoriyası) layihəsidir.

 

Bu, elmi auditoriya çərçivəsindən çıxararaq əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaq məqsədilə təşkil olunan yarışmadır. “Danışan Elm” şüarı ilə keçirilən yarışmanın məqsədi gənclərdə elmə olan marağı artırmaq, gənc alimlərə dəstək verməkdir.

 

Almaniyanın Baden-Württemberg vilayətinin Karlsruhe şəhərində keçirilən “FameLab” (Şöhrət Laboratoriyası) müsabiqəsində iştirak edən gənc tədqiqatçı  Aysel Əhədova həm Münsiflər Heyətinin rəyi ilə I yeri qazanıb, həm də  səsvermə yolu  ilə tamaşaçı rəğbəti nominasiyasında qalib olub.

 

FameLab dünyanın aparıcı elmi kommunikasiya müsabiqəsidir. İştirakçılara münsiflərdə maraq oyatmaq və məzmunu, aydınlığı və xarizması ilə seçilən elmi məruzə ilə diqqəti cəlb etmək üçün cəmi üç dəqiqə vaxt verilir. Münsiflər heyətini inandırmaq üçün iştirakçıya faktiki olaraq düzgün, eyni zamanda asan başa düşülən və hər şeydən əvvəl elm və zəkanın düzgün qarışığını ehtiva edən mühazirə lazımdır.

 

Gənc tədqiqatçı “Azərbaycan müəllimi”nə FameLab layihəsi barədə aşağıdakıları bildirdi:  

 

- Elmi layihəni 3 dəqiqə ərzində tamaşaçıya çatdırmaq FameLab müsabiqəsinin əsas şərtidir. Bunun üçün Powerpoint-dan yox, sadəcə özünlə səhnəyə götürə biləcəyin əşyalardan istifadə etmək olar. FameLab-ın əsas hədəfi  elm kommunikasiyasını (Science Communication) aşılamaq və mürəkkəb elmi mövzuları asan və əyləncəli bir yolla geniş tamaşaçı kütləsinə izah etməkdir. Bu müsabiqədə çox ölkələr iştirak edir. Almaniya öz təmsilçisini seçmək üçün ölkənin 4 bölgəsində FameLab müsabiqəsi keçirdi.  

 

Mənim çıxışımın mövzusu  “İrsi xərçəngə qarşı peyvənd”  - “DNT təmiri - kiçik səhvlərin böyük nəticələri”  idi. Hazırda Heidelbergdə Universitet-Hospitalda və DKFZ-də (Alman Xərçəng Tədqiqatı Mərkəzi) işləyirəm. Regional turun qalibləri finalda, final qalibi isə ölkələrarası finalda çıxış hüququ qazanır. Bundan əlavə, qaliblər  seminarlara qatıla və treyninqlərdə iştirak edə bilərlər.

 

Qeyd edim ki, FameLab-ın bir əsas məqsədi də gənclərdə elmə qarşı həvəs yaratmaqdır.

 

Aysel Əhədova 1988-ci ildə Bakı şəhərində anadan olub.  1994-2005-ci illərdə Bakı Avropa Liseyində təhsil alıb. 2005-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin tibbi-biologiya fakültəsinə daxil olan Aysel təhsilini 2011-ci ildə müvəffəqiyyətlə bitirib. Tələbəlik vaxtı elmi tədqiqatlarla məşğul olub və müxtəlif tələbə təşkilatlarının konfranslarında iştirak edib.  İFMSA (International Federation of Medical Students Associations)-nın Azərbaycandakı təmsilçiliyi- AzerMDS ilə tanış olmuşdur. 2011-ci ildə  İFMSA (International Federation of Medical Students Associations) təşkilatının Research Exchange Mübadilə Programında iştirak edib və  Avstriyanın paytaxtı Vyanada yerləşən Mərkəzi Hospitalda bir aylıq tədqiqat təcrübəsi əldə edib. Daha sonra  Almaniyanın Mannheim Universitet Klinikasında tibbi təcrübə şansı qazanıb. 2012-ci ildə DAAD-ın 3 illik təqaüdünü qazanaraq  xərçəng tədqiqatı sahəsində işləmək arzusunu həyata keçirmək üçün Almaniyaya yollanıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012-2015-ci illərdə Heydelberq Universitetinin tibb fakültəsində doktorantura (PhD) təhsili alıb, professor Knebel Deberitsin rəhbərliyi ilə doktorluq dissertasiyası üzərində işləyib. 2015-ci ildə doktorantura imtahanını müvəffəqiyyətlə verib və həmin institutda elmi işçi vəzifəsində çalışmağa başlayıb.

 

2020-ci ildə Heydelberq Universitetinin fəxri senatoru, professor Fridrix Roytner və onun həyat yoldaşı Anita Roytner  tərəfindən  təsis olunan “Anita və Fridrix Roytner mükafatı”na layiq görülüb. Bu mükafat Heydelberq Universitetinin gənc alimlərinə xüsusilə klinik cəhətdən əhəmiyyətli tədqiqat layihələrinə görə təqdim olunur.

 

O, fəlsəfə doktoru kimi qeyri-sabit mikrosatellit tipli xərçəngin öyrənilməsi üzrə bir neçə layihədə iştirak edib və xərçəng hüceyrələrində qlükoza metabolizminə yönəlmiş yeni dərmanların, dərman kombinasiyalarının identifikasiyası üzrə tədqiqatlar aparıb. Hazırda A.Əhədova öz elmi tədqiqatlarını dünyada ən çox rastlanan irsi xərçəng sindromu, Lynch (Linç) sindromunun araşdırılmasına, tez aşkarlanmasına və qarşısının alınmasına həsr edir. Bundan əlavə,  o Linç sindromu haqqında fərqli bilik aşılamaqla və elmin geniş auditoriyaya asan dillə çatdırılması ilə məşğuldur.

 

Qeyd edək ki, 2007-2021-ci illər arasında British Council dünyanın 30-dan çox ölkəsində “FameLab International”-a dəstək verməklə layihənin qloballaşmasına kömək edib.

 

Gənc tədqiqatçıya elmi araşdırmalarında bol uğurlar arzulayırıq.

 

Oruc MUSTAFAYEV