Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “YENİ Klub”un təsis toplantısı keçirilib.

 

Təsis toplantısını giriş nitqi ilə açan rektor professor Cəfər Cəfərov ali təhsil müəssisəsində tələbələrin ictimai-sosial aktivliyini və onların şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib. Rektor “YENİ Klub”un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inamını ifadə edib.

 

Daha sonra “YENİ Klub”un rəhbəri İsmayıl Nəsirov, koordinatorlar Günay Tahirli, Ayişə Əliyeva təqdimatla çıxış ediblər. Gənclər bildiriblər ki, klub ali təhsil müəssisəsi daxilində digər tələbə təşkilatları ilə birgə fəaliyyət göstərəcək, yarışlar, müsabiqələr, layihələr, təlimlər, tədbirlər təşkil edəcək.

 

Ali təhsil müəssisələrinin nəzdində “YENİ Klub”ların formalaşdırılmasının əhəmiyyətindən danışan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) sədri Bəxtiyar İslamov qeyd edib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq.