UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası Komitəsinin 28 noyabr 2022-ci il 17-ci sessiyasında Azərbaycan və Türkiyənin təşəbbüsü ilə Çay mədəniyyəti kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi nominasiyası kimi tanınıb və UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
Azərbaycan Çay mədəniyyəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildikdən sonra “5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxs bu təşəbbüsə qoşularaq Azərbaycan çayının şöhrətinin təbliği, çayçılıq təsərrüfatına diqqətin yönəldilməsi, eyni zamanda xalqımıza məxsus qonaqpərvərlik keyfiyyətlərinin təbliği, bu mədəniyyətin ənənələrinin yaşadılması, qonağa hörmət xüsusiyyətinin qorunması məqsədi ilə “Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” adlı çay festivalına start verib.
Festival çərçivəsində dərnək məşğələlərində çay bitikisinin becərilməsinə, əkilməsinə, emalına, istifadə qaydalarına və çay mədəniyyətinin formalaşmasına həsr olunmuş müxtəlif tədbirlər həyata keçirilib.
Belə ki, dərnək üzvləri arasında “Süfrələrin yaraşığı çay” adlı rəsm və əl işləri sərgisi, “Azərbaycan və türk xalqlarını birləşdirən qonaqpərvərliyimiz çay süfrəsi arxasında” adlı esse müsabiqəsi, “Çay mədəniyyəti qonaqpərvərliyimizin rəmzidir” mövzusunda konfrans təşkil olunub.
Konfransda çay bitkisinin Azərbaycana gətirilməsi və becərilməsi tarixinə, çayın hazırlanması və ondan istifadəyə, süfrə mədəniyyətinin ayrılmaz hissəsinə çevrilməsinə dair məruzə və təqdimatlar təqdim edilib.
Konfrans zamanı çay mövzusuna həsr olunmuş rəqs və mahnılar ifa edilib, həmçinin dərnək üzvlərinin bu mövzuda çəkdikləri rəsmlər nümayiş olunub.
Konfransda iştirak edən Türkiyənin Azəbaycandakı Gəncliyə Yardım Fondunun koordinatoru, Gənc İstedadlar Akademiyasının sədri Şahəli Cəlilov, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin baş məsləhətçisi Mehri Əhmədova, şöbənin məsləhətçisi Zəhra Mailova çıxış edərək, festivalın keçirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, bu tədbirin keçirilməsi uşaqlar arasında çayçılıq təsərrüfatına marağın artmasına, bu sahənin daha da inkişafına səbəb olacaq.
Sonda dərnək üzvlərinin ifa etdiyi rəqs və mahnılar, həmçinin nümayiş olunan rəsm əsərləri qonaqlar tərəfindən maraqla qarşılanıb.