Paytaxtdakı 311 nömrəli tam orta məktəbdə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Malayziya dostluğuna həsr olunan tədbir keçirilib.

 

Tədbirdə Malayziya səfirliyinin müvəqqəti işlər müdiri Mardiana Muhammed Ruhani, ikinci katibi Norafsah Mohd Nor, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, layihənin koordinatoru Namiq Cəfərov, OCEP layihəsinin ekspert qrupunun üzvü, Elm və Təhsil Nazirliyinin əməkdaşı Sevda Quliyeva, Milli Olimpiya Komitəsinin əməkdaşı Ruslan Məmmədov və məktəb direktorları iştirak ediblər.

 

Tədbirdə OCEP çərçivəsində məktəb şagirdlərinin bacarıq və qabiliyyətləri nümayiş olunub. Məktəblilərin Azərbaycan və Malayziya dilində ifa etdiyi musiqi nömrələri, rəqslər, göstərdikləri gimnastik və akrobatik hərəkətlər, idman növlərində hazırladıqları çıxışlar qonaqlarda xoş təəssürat oyadıb.

 

Daha sonra qonaqlar Azərbaycan və Malayziya mətbəxinə dair nümunələr, eləcə də Novruz bayramına həsr olunmuş “Milli mətbəx” guşəsi ilə tanış olublar.

 

Sonra  311 və 82 nömrəli tam orta məktəblərin qızlarından ibarət voleybol komandası arasında dostluq oyunu keçirilib.

 

Sonda yarış iştirakçıları Təşəkkürnamə ilə təltif olunublar.