Artıq bir neçə ildir ki, Azərbaycan YUNESKO Klubları Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) YUNESKO klubu fəaliyyət göstərir.

 

Ali məktəbdən bildirilib ki, bu yaxınlarda ADPU YUNESKO klubunda müxtəlif vəzifələr üzrə vakansiyalar elan edilib. Müsahibədən uğurla keçən ADPU-nun filologiya fakültəsinin III tədris ili tələbəsi Əhmədağa Babaşov klubun prezidenti, fakültənin II tədris ili tələbəsi Banuçiçək Nəcəfzadə isə vitse-prezidenti vəzifəsinə seçiliblər.

 

Qeyd edək ki, YUNESKO-nun ölkələr ilə əməkdaşlığı müxtəlif təsisat, platforma və proqramlar üzərindən həyata keçirilir. Belə platformalardan biri də YUNESKO klublarıdır. Hazırda bu klubların sayı 78 ölkəni əhatə etməklə, ümumilikdə 4194-ə çatıb. Bü cür klubların yaradılmasının əsas məqsədi YUNESKO-nun elm, təhsil və mədəniyyət sahələrində ideya və prinsiplərinin geniş təbliğ olunması, habelə qeyd olunmuş sahələrdə həm ölkədaxili, həm də beynəlxalq müstəvidə təcrübə mübadiləsinin həyata keçirilməsidir. YUNESKO klubları vasitəsi ilə uşaq və gənclər müxtəlif yerli və beynəlxalq layihələrə və könüllülük fəaliyyətinə cəlb olunurlar.

 

Azərbaycan YUNESKO klublarının əsas fəaliyyət istiqamətləri təhsil və mədəniyyət, gender bərabərliyi, gənclərin fərdi inkişafı, dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dəstək, innovativ düşüncə tərzinin təbliğ olunmasıdır.