Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mariya Viktoriya Romero Kabalyero Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub. 

 

ADU-nun rektoru akademik Kamal Abdulla səfiri yeni təyinatı münasibəti ilə təbrik edib, diplomatik fəaliyyətində ona uğurlar arzulayıb. Rektor qeyd edib ki, səfirlik və universitet arasında əməkdaşlıq iki ölkənin əlaqələrinin daha da dərinləşməsinə səbəb olacaq. ADU-da İspan dili mərkəzinin uğurla fəaliyyət göstərdiyi, tələbələrin ispan dilini böyük həvəslə öyrəndiyi də diqqətə çatdırılıb.

 

Xaricdə altı Azərbaycan dili və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini deyən akademik K.Abdulla Meksika universitetlərindən birində Azərbaycan dili və mədəniyyət mərkəzinin yaradılması təklifini irəli sürüb.

 

Rektor səfiri “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşə dəvət edib.

 

Xanım Mariya Viktoriya Romero Kabalyero ADU-da olmaqdan məmnunluğunu bildirib, ispan dilinin yüksək səviyyədə tədris olunduğuna görə təşəkkürünü bildirib. Səfir gələcək əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb. Meksika universitetləri ilə əlaqələrin yaradılması, Azərbaycan dili və mədəniyyət mərkəzinin açılması təklifi müsbət dəyərləndirilib, bununla bağlı danışıqların aparılacağı diqqətə çatdırılıb. Xanım diplomat meksikalı tələbələrin Azərbaycan dili və mədəniyyətini öyrənməsində maraqlı olduğunu əlavə edib. 

 

Daha sonra Meksikanın ölkəmizdəki səfiri universitetdə fəaliyyət göstərən mərkəzlərlə tanış olub.