Bakı şəhəri 96 nömrəli tam orta məktəb tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.

 

Təqdimat mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri Ceyhun Məmmədov və Fazil Mustafa, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Rəna Fərəcova, Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin direktoru, dosent Cəlal Allahverdiyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbiri giriş sözü ilə açan 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətləri, təhsilə göstərdiyi diqqət və qayğısı barədə danışıb.

 

Daha sonra məktəbin müəllim və şagird kollektivinin birgə səyi nəticəsində ərsəyə gələn kitab təqdim olunub. Kitab barədə ətraflı məlumat verən müəlliflər dərc edilən 22 məqalənin hər birinin başlığının və ideyasının Ümumilli Lider Heydər Əliyevin kəlamları əsasında hazırlandığını nəzərə çatdırıblar.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Heydər Əliyev İli”nin Azərbaycan təhsili, Azərbaycan məktəbi qarşısında qoyduğu vəzifələrdən danışıb. Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edən İdarə müdiri bütün bunların həm də müdrik şəxsiyyətin ideyalarına sadiqliyin ifadəsi olduğunu diqqətə çatdırıb. 96 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi tərəfindən hazırlanan kitabı yüksək qiymətləndirən İdarə müdiri Heydər Əliyev irsindən yararlanan şagirdlərin inkişaf edən Azərbaycanın gələcəyinə böyük töhvələr verəcəyinə əminliyini ifadə edib.

 

Millət vəkili C.Məmmədov Ümummilli Liderin bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına göstərdiyi xüsusi qayğıdan söhbət açıb. Bildirib ki, “Heydər Əliyev İli” misilsiz xidmətləri ilə tarixin yaddaşında əbədiləşən böyük azərbaycanlını, Heydər Əliyev dühasını daha dərindən dərk etmək, böyük bir epoxanın mahiyyətini anlamaq baxımından yaradılmış bir fürsət və imkandır.

 

Millət vəkili F.Mustafa uşaqların özünüifadə qabiliyyətinin inkişafına yol açan bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib, şagirdləri Vətənin gələcəyi üçün daha çox çalışmağa, məsuliyyətli olmağa, əsil vətəndaş kimi formalaşmağa səsləyib. Ulu Öndərin fəaliyyətindən bəhs edən millət vəkili bugünku Azərbaycan üçün Heydər Əliyevin illərini verdiyini, bu baxımdan belə dahi şəxsiyyətlərin dəyərini bilməyin, onların fəaliyyətinin dərindən öyrənməyin vacib olduğunu vurğulayıb.

 

Tədbirdə çıxış edən Sabunçu RİH başçısının müavini R.Fərəcova, YAP Sabunçu rayon təşkilatının sədri A.Xudadanov, ADİU Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin direktoru dosent C.Allahverdiyev ümumi təhsil məktəblərində Ümummilli Liderin uğurlu fəaliyyətinin öyrədilməsi, öyrənilməsi və təbliğ edilməsi istiqamətində görülən işlərdən danışıblar. Qonaqlar, həmçinin bu kitabla  “Heydər Əliyev İli”nə töhfə verən məktəbin pedaqoji kollektivini və şagirdlərini təbrik edib, məktəblilərə səslənərək gələcəyimizin daha sağlam və işıqlı olmasının onlardan asılı olduğunu qeyd ediblər.

 

Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Ulu Öndərə həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər.