Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri”nə başlanılıb


Martın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində ənənəvi “Novruz mühazirələri”nə başlanılıb. Qeyd edək ki, “Novruz mühazirələri” Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ildən keçirilir. Bu ilin “Novruz mühazirəsi” professor Ədalət Tahirzadənin təqdimatında “Azərbaycan Cümhuriyyətinin təhsil siyasəti” mövzusunda reallaşıb. Mühazirədə ADPU-nun professor-müəllim heyəti, təhsil ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak ediblər.  Tədbirdə giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq, Pedaqoji Universitetin kitabxanasının yenidənqurmadan sonra kütləvi tədbirlərin, tələbələrin, eyni zamanda qonaqların sevimli məkanına çevrildiyini vurğulayıb. C.Cəfərov professor Ədalət Tahirzadənin müəllifi olduğu kitablarından, onun Azərbaycan təhsil tarixinin araşdırılmasında böyük xidmətlərindən söz açaraq, mühazirənin əsasını təşkil edən “Azərbaycan Cümhuriyyətinin təhsil siyasəti” mövzusunun təhsil sistemində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  qeyd edib ki, təbiətin oyandığı və insanlarda öyrənməyə daha çox həvəs yarandığı bir dönəmi nəzərə alaraq, 2016-cı ilin mart ayında “Novruz mühazirələri” adlı bir layihəyə başlanılıb. C.Valehov Azərbaycanın müxtəlif bölgələrində, müxtəlif universitetlərində bu tədbirlərin keçirilməsində məqsədin ictimai dinləmələr formatında Azərbaycan gəncliyinə görkəmli şəxsiyyətlər ilə dialoq yaratmaq olduğunu vurğulayıb. O, eyni zamanda, 23 aylıq Cümhuriyyət dövründə təhsil sahəsində mövcud olan yenilikləri bilməyin vacibliyi,  o dövrdə ali məktəblərdə təhsil alan tələbələrin təhsil fəaliyyətləri haqqında professor Ədalət Tahirzadənin çox fundamental işlər gördüyünü dilə gətirib. “Azərbaycan Cümhuriyyəti” kitabını ərsəyə gətirmək böyük ustad işi tələb etdiyini deyən Cəsarət Valehov kitabda çoxlu sayda tarixi faktlara, arxiv materiallarına, fotolara, sənədlərə yer verildiyini söyləyib.

 

Daha sonra professor Ədalət Tahirzadə auditoriya qarşısında çıxış edərək Çar Rusiyasının əsas siyasət hədəfinin Azərbaycan xalqının təhsil almalarını qadağan etdiyinə görə Azərbaycan Cümhuriyyəti dövründə ölkədə ciddi kadr çatışmazlığının olduğunu vurğulayıb. Buna görə də, maliyyə vəziyyəti aşağı olan Cümhuriyyət bir sıra məsələləri müzakirə edərək dövlət dili haqqında qərarlar qəbul etməyin, müəllimlər yetişdirməyin, dövlətin müxtəlif sahələrini idarə edəcək kadrlar hazırlamağın vacib olduğunu dilə gətirib: “Belə ki, Cümhuriyyət müəllim kadrları hazırlamaq üçün bir sıra cəhdlər etdi. İlk əvvəl tələbələrin  Tiflis Politexnik İnstitutunda oxumasını təmin etmək istədilər. Daha sonra Zaqafqaziya Universitetinin Bakı şəhərinə köçürülməsinə qərar verdilər. Lakin orada rus şovinist professorları müsəlmanlara savad vermək istəmədikləri üçün bu cəhd də alınmadı. Nəticədə, Hökumət öz universitetini yaratmaq qərarına gəldi. Eyni gündə, yəni 1 sentyabr 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması və 100 tələbənin təhsil alması üçün xarici ölkələrə göndərilməsi haqqında qərar qəbul edildi. 140 min frank məbləğində maliyyə həmin tələbələrin təhsili üçün ayrılmışdı. Həmin vaxtda ölkənin maliyyə imkanlarına nəzər yetirdikdə bu, olduqca böyük vəsait idi. Qərara əsasən, 100 tələbənin 13-ü Rusiyaya getməli idi, lakin yollar bağlandığına görə gedə bilmədilər. 20-dən çox tələbənin İngiltərəyə getməsi nəzərdə tutulmuşdu. Dünya müharibəsində məğlub dövlətlər olduğu nəzərə alınaraq, eyni zamanda ittifaq dövlətlərin oraya tələbə göndərməyə icazə vermədiklərindən siyahıda Almaniya və Türkiyənin adı yox idi. Ancaq həmin müddətdə  9 tələbə Türkiyəyə, 56 tələbə isə Almaniyaya getmişdi. Gedən tələbələrin demək olar ki, yarısı qayıtdı, onların da əksəriyyətini güllələdilər. Onlar Cümhuriyyətin milli kadrları hesab edildiyindən, savadlanıb vətəninin keşiyində durmasından, Azərbaycanı Sovet İttifaqından ayırmasından ehtiyat edərək onları məhv etdilər”.

 

Bu tələbələrin hər biri haqqında professor Ə.Tahirzadənin irihəcmli tədqiqat əsəri olan “Azərbaycan Cümhuriyyəti tələbələri” kitabında ətraflı bəhs edilib.

 

Mühazirədə alim qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyətin təhsil siyasəti haqqında 1921-ci ildə İstanbulda “Azərbaycan Cümhuriyyəti” kitabı çıxıb. Bu kitabda M.Ə.Rəsulzadə 23 ayda gördüyü işlərdən danışıb. Milli təhsil siyasəti nəticəsində Cümhuriyyət tərəfindən milli müəllim kadrları hazırlayan 9 kişi müəllimlər seminariyası, 1 qadın müəllimlər seminariyası, 360-a qədər orta məktəb yaradılıb, 12 yeni dərslik tərtib edilib və Türkiyədən 50-yə qədər müəllim gətirilib.

 

Professor əlavə olaraq, bu dönəmdə ən böyük çətinlik anarxiya olduğunu, rayonlarda, bölgələrdə qaçaq quldurların artdığını, hər regionda özünəməxsus qayda-qanunların hökm sürdüyünü də dilə gətirib. O, Cümhuriyyət qurulmasının əhəmiyyətindən danışıb: “Zamanında Cümhuriyyətin mövcud olması, bu gün bizim müstəqil dövlət quruculuğumuza, ana dilimizdə danışmağımıza, ana dilinin dövlət dili olmasına da güclü təsiri olub”.

 

Mühazirənin digər hissəsi diskussiya şəklində davam edib. Ə.Tahirzadə professor Fikrət Rzayevin, professor Şahlar Əsgərovun, tələbələrin və digər şəxslərin suallarını cavablandırıb.

 

Mühazirənin sonunda professor müəllifi olduğu kitablardan ADPU-nun kitabxanasına bağışlayıb. Eyni zamanda alimə də ADPU-nun 100 illiyi münasibəti ilə ərsəyə gələn və 100 illik tarixinin müxtəilf aspektlərini özündə əks etdirən kitablar hədiyyə olunub.

 

Tünzalə QULİYEVA