Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə öz müəllimləri ilə görüşüb.

 

İlk olaraq səhhəti ilə bağlı müalicə alan təqaüdçü müəllim Nəcibə Quluzadə ilə evində görüşən Mehriban Vəliyeva müəllimini bayram münasibətilə təbrik edib, ona cansağlığı arzulayıb.

 

Daha sonra Mehriban Vəliyeva təhsil aldığı 158 nömrəli tam orta məktəbdə təqaüddə olan müəllimləri Aliyə Yunisova, Ramidə İsmayılova və Dilarə Həsənova ilə görüşüb.

 

BŞTİ müdiri öz müəllimlərini səmimiyyətlə salamlayıb, məktəb illərindən, sevimli müəllimlərinə aid yaddaqalan xatirələrindən bəhs edib.

 

M.Vəliyeva xanımların ölkə həyatının digər istiqamətlərində olduğu kimi, təhsil sahəsində də öncül mövqe tutduğunu qeyd edib. İdarə müdiri həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən söz açıb, müəllimlərin müqəddəs bir dəyər olduğunu, onların etimadını doğrultmaq üçün hər kəsin daim məsuliyyət hiss etdiyini söyləyib.

 

M.Vəliyeva 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə müəllimlərini təbrik edib və onlara xoş arzularını bildirib.

 

Görüşdən məmnun olduqlarını bildirən qocaman müəllimlər onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, ölkəmizin gələcək inkişafı üçün Azərbaycana layiqli vətəndaşlar yetişdirmək yolunda təhsil işçilərinə uğurlar arzulayıblar.

 

Qeyd edək ki, BŞTİ müdirinin öz müəllimləri ilə görüşü Elm və Təhsil Nazirliyinin #QadınGülərsə təşəbbüsü çərçivəsində reallaşdırılıb.