Azərbaycan Tibb Universiteti (ATU) ilə Belarus Dövlət Tibb Universitetinin rəhbər şəxsləri arasında görüş keçirilib.
Görüşdə ATU-nun rektoru professor Gəray Gəraybəyli universitetin tarixi, müasir dövrdə fəaliyyəti, beynəlxalq standartlara uyğun tədris proqramları haqqında ətraflı məlumat verib, ali məktəbdə 3 minə yaxın xarici tələbənin olduğunu bildirib. ATU-nun dünyanın 80-ə yaxın elm və təhsil qurumu ilə əməkdaşlıq etdiyini deyən rektor bu sırada Belarusla da əməkdaşlığın olmasını mümkün sayıb.
Belarus Dövlət Tibb Universitetinin rektoru tibb elmləri doktoru, professor Sergey Rubnikoviç rəhbərlik etdiyi ali məktəbin ölkədə unikal təhsil, elm və tibbi praktika mərkəzi sayıldığını, burada 52 dövlətdən 2 minə yaxın xarici tələbənin təhsil aldığını söyləyib:“Belarus və Azərbaycan tibb universitetlərinin oxşar cəhətləri çoxdur. Hər qurum elmi, tədris və müalicəvi sahədə unikal təcrübəyə malikdir. Bu baxımdan ATU ilə əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması bizim üçün çox arzuolunandır”.
Görüşdə hər iki tərəf təhsil, elmi, müalicəvi və beynəlxalq əlaqələr sahəsində qarşılıqlı fəaliyyətin istiqamətlərini müəyyənləşdiriblər.
Görüşdə Belarus Dövlət Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Vasiliy Rudenok, ATU-nun elmi işlər üzrə prorektoru professor Rauf Bəylərov, beynəlxalq əlaqələr üzrə prorektor dosent Orxan İsayev, İnnovasiya və tədrisdə keyfiyyət şöbəsinin müdiri baş müəllim Aygün Babayeva, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak ediblər.