Bakı Ali Neft Məktəbinin (BANM) İnnovasiya və Tədqiqatlar Mərkəzinin “Agroficient” və “Atəşgah” layihəsi KOBİA tərəfindən elan olunmuş III Qrant müsabiqəsində qalib olub.
Təhsil ocağından bildirilib ki, ümumilikdə 13 layihənin qrant qazandığı müsabiqədə Bakı Ali Neft Məktəbi 3 layihə ilə təmsil olunub. BANM-ın iki layihəsinə, ümumilikdə təxminən 40 min manat maliyyə ayrılıb.
“Agroficient” layihəsinə ayrılan vəsaitin məbləği 19 900 manat təşkil edir. Layihə kənd təsərrüfatında suvarma səmərəliliyinin artırılması üçün ağıllı su-depolayıcı materialın hazırlanması, kənd təsərrüfatının inkişafı üçün önəmli faktorlardan biri olan suvarmanın səmərəliliyinin artırılması və bu sahədə fermerlərə dəstək göstərilməsini nəzərdə tutur.
Layihə Ali Məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzinin direktoru Farad Kamyabi və Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbələri Malik Sultanov, Emil Hüseynli tərəfindən hazırlanıb.
“Atəşgah” layihəsinin qazandığı qrantın məbləği 20 min manatdır. Layihə yeni materiallardan istifadə etməklə günəş panellərinin soyudulması, effektivliyinin artırılması və səmərəliliyin əhəmiyyətli dərəcədə gücləndirilməsini nəzərdə tutur.
Layihəni BANM-in Kimya mühəndisliyi ixtisasının IV kurs tələbələri Fatimə Məmmədova, Faiq Əliyev, Fərid Əliyev, Fuad Tağıyev hazırlayıblar.
Layihələrin elmi rəhbərləri Ali Məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri Farad Kamyabi və layihə meneceri Elmar Əsgərzadədir.