Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

 

29 şəhər və rayonda təşkil olunan imtahanda 50498 şagirdin iştirakı nəzərdə tutulurdu.

 

DİM-dən bildirilib ki, 6 şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılacaq.

 

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. 

 

Martın 6-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. 

 

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.