Paytaxt məktəbində Ənvər Məmmədxanlının anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bakı şəhəri 301 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, məktəbin direktoru, müəllim və şagirdlər iştirak ediblər.
Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevda Sarıyeva qonaqları salamlayaraq məktəbin tarixi və uğurları haqqında məlumat verib.
BŞTİ müdiri Mehriban Vəliyeva elə ilk əsərlərindən etibarən öz mövzuları, öz üslubu ilə ədəbi ictimaiyyətin xüsusi marağına səbəb olan, özünəməxsus yaradıcılıq yolu keçən görkəmli ədib Ənvər Məmmədxanlının qürurla andığımız şəxslərdən biri olduğunu diqqətə çatdırıb.
M.Vəliyeva “Heydər Əliyev İli” çərçivəsində əsərləri ilə xalqımızın bədii-mədəni fikir xəzinəsinin zənginləşməsi naminə səmərəli fəaliyyət göstərən Azərbaycan ədəbiyyatının tanınmış simalarının keçdikləri ömür yolu barədə şagirdlərin məlumatlandırılması məqsədilə məktəblərdə təşkil edilən bu cür tədbirlərin zəruri olduğunu vurğulayıb. İdarə müdiri bu gün gələcəyimiz olan nəslin tərbiyəsində Ənvər Məmmədxanlı kimi yazıçıların əsərlərinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib və milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağın vacibliyinə toxunub.
İdarə müdiri “Nəsrimizin şairi” adlandırılan görkəmli sənətkar, qüdrətli qələm ustasının xatirəsinin həmişə qəlbimizdə yaşayacağını qeyd edib.
Millət vəkili Qənirə Paşayeva xalq yazıçısı, istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Məmmədxanlının bütün həyatı boyu vətən üçün hər cür fədakarlığa hazır olduğunu bildirib. Yazıçının “Həyatım ağrıyır” ifadəsini xatırladan Q.Paşayeva şagirdlərin vətənpərvərlik, humanizm, düşmənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə olunmasında Ənvər Məmmədxanlı kimi yazıçıların rolunun böyük olduğunu deyib.
Tarixin ən qüdrətli dövlət və siyasət adamları, dahi şəxsiyyətləri sırasında layiqli yer tutan Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin dövlətimizin inkişaf və tərəqqi yolunun etibarlı bələdçisi olmaqla, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyi olduğunu söyləyən millət vəkili “Heydər Əliyev İli” çərçivəsində təhsil müəssisələrində yubileyi olan şəxsiyyətlər barədə tədbirlərin davamlı keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Çıxış edənlər ədəbiyyat tariximizdə xüsusi yeri olan, istər müasir, istərsə də tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyada iz qoyan Ənvər Məmmədxanlının həyat yolu barədə geniş məlumat veriblər.
Tədbirdə müəllim və şagirdlərin iştirakı ilə “Babək” romanı səhnələşdirilib. Həmçinin ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, şeirlər, mahnılar səsləndirilib.
Sonda millət vəkili Q.Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edilib. Eyni zamanda “Unity company” şirkəti tərəfindən 1 məktəblinin təhsil xərclərinin qarşılanacağı açıqlanıb.