ADNSU-da konfrans keçirilib


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Türk Dünyasının 100 ili: Çanaqqala zəfərindən Qarabağ zəfərinə” adlı konfrans keçirilib. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illik yubileylərinə həsr olunmuş konfransın təşkilatçıları ADNSU-dakı Azərbaycan-Türkiyə Dostluq Mərkəzi, Türkiyənin Bilgesam təşkilatı və Türkmasası Dialoq Klubudur.

 

Türkiyənin Azərbaycandakı səfiri, türkdilli ölkələrin səfirləri, Türk Dövlətləri Parlament Assambleyasının baş katibi, həmçinin hər iki ölkədən dövlət və ictimaiyyət nümayəndələri, Milli Məclis üzvlərinin iştirak etdiyi konfransı giriş sözü ilə açan ADNSU-nun rektoru Mustafa Babanlı bildirib ki, Türkiyə Cümhuriyyətinin qurulmasının və müasir Azərbaycan Respublikasının banisi Heydər Əliyevin 100 illik yubileyləri bütün Türk dünyası üçün əlamətdar hadisədir. Rektor 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini və Ulu Öndərin yubileyinin dünyanın müxtəlif ölkələrində qeyd olunduğunu vurğulayıb. XX əsrin əvvəlində Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Türkiyəni, sonlarında isə Ulu Öndər Heydər Əliyevin Azərbaycanı parçalanmaq və iflas təhlükəsindən xilas etdiklərini deyən professor M.Babanlı iki ölkənin şanlı tarixində Azərbaycan-Türkiyə dostluğunun mühüm yer tutduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, hər iki qardaş ölkənin uğurlu siyasi, iqtisadi həyatından, təhsil, mədəniyyət və digər istiqamətlərdə mövcud olan əlaqələrindən danışıb.

 

Sonra Çanaqqala zəfərindən Qarabağ zəfərinə gedən yolda Azərbaycan və Türkiyənin birliyini əks etdirən videoçarx nümayiş olunub.

 

Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahid Bağçı çıxış edərək Türkiyə və Azərbaycanın qədim tarixi köklərə dayanan birliyindən və qardaşlığından, bu birliyin önəmindən danışıb. Səfir diqqətə çatdırıb ki, möhkəm təməl üzərində qurulan sarsılmaz birlik bu gün hər iki ölkənin dövlət başçıları tərəfindən uğurla davam etdirilir:”Bütün istiqamətlərdə Azərbaycan-Türkiyə əməkdaşlığı nümunəvidir, sarsılmazdır”.

 

Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədr müavini, Türkmasası Dialoq klubunun rəhbəri Məlahət İbrahimqızı, millət vəkilləri Şahin İsmayılov, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov çıxışlarında hər iki ölkəni birləşdirən milli maraqlardan, qardaşlıq və dəyişilməz iradədən danışıblar.

 

Türkiyənin Bahçeşehir Universitetinin təmsilçisi, təhlükəsizlik  və terror üzrə mütəxəssis Abdullah Ağar və terror məsələləri üzrə ekspert İmbat Muğlu çıxış edərək Azərbaycan və Türkiyənin qardaşlığı, birliyinin müasir nəsilə əcdadların miras qoyub getdikləri dəyər olduğunu qeyd edib, ölkələr arasında münasibətlərin daha yüksək pilləyə qalxdığını bildiriblər.

 

Konfrans çərçivəsində “Türk dünyasının 100 ili: Güclü təhsil, güclü gənclik”, “Türk dünyasının 100 ili:Xəbərləşmə, informasiya və yeni texnologiyalar”, “Azərbaycan-Türkiyə müttəfiqliyi Türk dünyasının lokomotividir”, və “Türk dünyasının ipək yolu: Zəngəzur dəhlizi” adlı panel iclaslar keçirilib.