Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Heydər Əliyev İli"nə həsr edilmiş  Elm festivalına start verilib.

 

Elm festivalının açılışında "Müasir universitetlərdə elmi fəaliyyət: yeni çağırışlar, imkanlar və mürəkkəb vəzifələrin həlli yolları" mövzusunda elmi-praktiki konfrans keçirilib.

 

Konfransda UNEC-in elm üzrə prorekroru professor Sakit Yaqubov festivalın keçirilməsinin əsas məqsədinin elmin populyarlaşdırılması olduğunu diqqətə çatdırıb. Elm festivalı çərçivəsində konfrans, dəyirmi masalar, elmi-praktiki seminarlar, açıq elmi-populyar mühazirələr, debatlar, kitab sərgisi və müxtəlif mövzularda 20-dən çox tədbirin keçiriləcəyini bildirib.

 

Tədbirdə iştirak edən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı rolundan danışıb. Akademik Ulu Öndərin Azərbaycan aliminə və elminə hər zaman diqqət və qayğı ilə yanaşdığını, onun rəhbərliyi ilə bu sahədə ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini bildirib.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Etibar Əliyev elmin populyarlaşması, xüsusilə də regionlarda bu sahəyə diqqətin artırılmasının vacibliyindən söz açıb. Millət vəkili elmə verilən dəyərin dəyişdiyini diqqət çatdıraraq, alimlərin də paradiqmaları dəyişməli olduğunu vurğulayıb.

 

UNEC rektorunun fəxri müşaviri Fərrux Tuzçuoğlu isə ali təhsil sisteminin beynəlmiləlləşməsindən danışaraq, bu istiqamətdə UNEC və Sakarya Universitetinin təcrübəsini bölüşüb.

 

Konfrans öz işini panel diskussiyalarla davam etdirib.

 

Elm festivalı 27 mart - Elm Gününədək davam edəcək.