Rusiyanın Moskva Dövlət Humanitar- İqtisad Universiteti Azərbaycanda öz filialını açmağa hazırlaşır. Bu barədə Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva bildirib. Rusiyanın "Ria-novosti" agentliyinə verdiyi geniş müsahibədə nazir rəhbərlik etdiyi qurumun MDB ölkələri üzrə əsas fəaliyyət hədəflərinə toxunub. O.Vasilyeva Moskva Dövlət Humanitar- İqtisad Universitetinin Azərbaycanda filialının açılması məsələsinə də toxunub və qeyd edıb ki, bu layihənin reallaşdırılması ilə bağlı sənədlər Azərbaycan tərəfinə təqdim olunub və hazırda ərazinin seçilməsi üzrə işlər aparılır. Xatırladaq ki, Moskva Dövlət Humanitar- İqtisad Universitetinin Bakı filialının açılması məsələsi ötən il rusiyalı nazirin ölkəmizə səfəri zamanı da müzakirə olunub.
Qeyd edək ki, O.Vasilyevanın fəxri professoru və himayədarlar şurasının üzvü olduğu bu ali təhsil müəssisəsində məhdud imkanlı tələbələr də təhsil alırlar. Hazırda bütün dünyada məhdud imkanlı şəxslərin təhsil aldığı yeganə ali məktəbə 2006-cı ildən azərbaycanlı rektor, professor Vaqif Bayramov rəhbərlik edir. Universitetin 7 fakültəsində 17 hazırlıq istiqaməti üzrə - bakalvriat, magistratura, aspirantura səviyyələrində kadr hazırlığı həyata keçirilir. Məzunları arasında Paralimpiya oyunlarının çempionları olan universitetdə azərbaycanlı gənclər də təhsil alır.
Oruc MUSTAFAYEV