“Məktəbdə...” layihəsinin növbəti qonağı Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin növbəti görüşü Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə keçirilib.
İllər sonra vaxtilə təhsil aldığı doğma məktəbinə qonaq gələn N.Aslan əvvəlcə təhsil ocağı ilə tanış olub. Görkəmini dəyişən, yeniləşən məktəbin dəhlizlərini, sinif otaqlarını gəzib, məktəb illəri, sevimli müəllimləri, məktəb yoldaşları ilə bağlı xatirələrini yada salıb.
Millər vəkili daha sonra məktəblilərə həyat yolunun maraqlı məqamlarından, məşğul olduğu fəaliyyət sahələrindən, humanizm dəyərlərinin təbliği istiqamətində görülən işlərdən danışıb. Qonaq qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələ, dünya ölkələrinin fəlakətdən zərər çəkənlərə dəstək məqsədilə birlik nümayiş etdirməsi, xüsusilə Azərbaycan xalqının Türkiyə üçün “Tək ürək” olması, ümumilkdə yardımlaşma ənənələrinə sadiqliyin önəmindən söz açıb.
N.Aslan, həmçinin özünün bəstəkarlıq fəaliyyəti, sözə, sənətə bağlılığından danışıb, müstəqil həyata atılmaq astanasında olan gənclərə diqqət yetirməli olduqları məqamlarla bağlı tövsiyələr verib, şagirdləri düşündürən sualları cavablandırıb.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.