Yüksək mükafat bu ölkənin Azərbaycandakı səfirliyində alimə təqdim edilib


UNEC-in professoru Xanhüseyn Kazımlı   Macarıstan prezidenti Yanoş Ader tərəfindən “Zabitlər Xaçı ləyaqət ordeni” ilə təltif olunub.

 

Millət vəkili bu mükafata Macarıstan-Azərbaycan münasibətlərinin yüksək səviyyəyə çatmasında və  iki ölkə arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə  layiq görülüb. Macarıstanın Azərbaycandakı səfirliyində keçirilən təqdimolunma mərasimində Milli Məclisin komitə sədrləri, millət vəkilləri, UNEC-in rektoru, professor Ədalət Muradov, səfirlik əməkdaşları və KİV nümayəndələri iştirak edib.

 

Tədbirdə səfir Viktor Sederkenyi Macarıstan-Azərbaycan arasındakı əlaqələrdən söz açıb,  iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdiyini bildirib. Səfir bu  münasibətlərin inkişafında parlament nümayəndələrinin danılmaz rolu olduğunu qeyd edib.

 

Yüksək ali mükafata layiq görüldüyü üçün Macarıstan prezidentinə və səfirə minnətdarlığını bildirən professor X.Kazımlı son illər Macarıstanla Azərbaycan arasında yüksək səviyyədə inkişaf etməkdə olan münasibətlərdən danışaraq, hər iki ölkənin prezidentlərinin bu istiqamətdə əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

 

Qeyd edək ki, professor X.Kazımlı 1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki UNEC) laborant, müəllim, dosent, prorektor, kafedra müdiri vəzifələrində çalışıb. Eyni zamanda II, III, IV, V çağırış Milli Məclisin deputatıdır. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir. 50-dən çox monoqrafiyanın və dərsliyin, 300-dən çox elmi-publisistik məqalənin müəllifidir.