Rektor :”Gənclərimizə güvənirik, əminik ki, problemin həllini məhz gənclər təqdim edəcəklər”
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə keçirilən “MİNAHACK” hakatonun yekun tədbiri keçirilib.
“Heydər Əliyev İli”nə həsr olunan “MİNAHACK” hakatonunun məqsədi Azərbaycanın işğaldan azad olunan iqtisadi rayonlarında minatəmizləmə işlərinin sürətli aparılmasına, torpağın minalardan təmizlənməsinə texnoloji ideyalar və həllər təklif etmək olub. 2 gün davam edən hakatonda 12 universitet və elmi tədqiqat institutunun 9 komandası iştirak edib.
UNEC rektoru professor Ədalət Muradov Qarabağın minalardan təmizlənməsi üçün yeni yanaşmalara, müasir texnologiyaların tətbiqinə ehtiyac olduğunu bildirərək problemin həllinə məhz gənclərin töhfə verə biləcəklərindən əminliyini ifadə edib: “Müasir texnologiyaların inkişafı imkan verir ki, bu günə qədər tətbiq edilməyən yanaşmaların reallaşmasına imza ataq. Bu baxımdan gənclərimizə güvənirik və əminik ki, problemin həllini məhz gənclər təqdim edəcəklər”. Ə.Muradov hakatonda Qarabağ qazilərinin və UNEC-lə yanaşı, digər ali təhsil müəssisələri tələbələrinin iştirakını xüsusi məqam kimi vurğulayıb.
Müdafiə Sənayesi Nazirliyinin institut direktoru professor Mürsəl Əliyev layihə ilə bağlı işlərin davam etdiriləcəyini, bu istiqamətdə xarici ölkələrin elmi-tədqiqat institutları ilə əməkdaşlığın olunacağını diqqətə çatdırıb.
“Bank of Baku”nun İdarə Heyətinin sədri Yunus Əmrə Filizoğlu təqdim edilən layihələrin Vətənə xidmət, daha yaxşı gələcək naminə olduğunu deyib.
Çıxışlardan sonra qalib komandalar açıqlanıb. Birinci yerin sahibi “Dianon radiometri” layihəsi olub. Layihə əsasında hazırlanan cihaz vasitəsilə ərazidə yerləşdirilmiş partlamamış sursatların və minaların tərkibindəki partlayıcı maddələri aşkar etmək mümkün olacaq.
Qaliblər kubok, hədiyyələr və pul mükafatı qazanıblar. Hakatonda iştirak edən digər komandalara isə sertifikatlar təqdim olunub.