Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mariya Viktoriya Romero Kabalyero Bakı Ali Neft Məktəbində (BANM) olub.
Rektor Elmar Qasımov öncə Bakı Ali Neft Məktəbinin kampusunu gəzən səfirə təhsil ocağı haqqında ətraflı məlumat verib.
Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbinin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışırlar. Qonağa bildirilib ki, bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 31-i Bakı Ali Neft Məktəbinin tələbəsidir.
E.Qasımov səfirə Meksikadakı ali təhsil müəssisələri ilə əməkdaşlığın yaradılması üçün dəstək göstərilməsini təklif edib.
Səfir Mariya Viktoriya Romero Kabalyero BANM ilə ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkişafından bəhs edib. O, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyinə toxunub. Səfir Meksika Neft İnstitutu (Mexican İnstitute of Petroleum) ilə BANM arasında əməkdaşlığın qurulmasının mümkün perspektivlərini vurğulayıb.
E.Qasımov, həmçinin səfirə Bakı Ali Neft Məktəbində master-klas keçməyi təklif edib. Səfir bu təklifi məmnuniyyətlə qəbul edib.
Görüşdə, o cümlədən birgə gələcək əməkdaşlıq, tələbələrin və professor-müəllim heyətinin mübadiləsi müzakirə olunub. Ən qısa vaxtda real işlərə başlanmasına qərar verilib. Meksikalı diplomat Bakı Ali Neft Məktəbində yaradılan şəraiti yüksək qiymətləndirib.